Son yeniləmə: 14 Mart 2024 17:20
Kvota iş yerlərinin müəyyən edilməsi prosesi avtomatlaşdırılmış qaydada aparılacaq
BAYRAQDAR MEDİA – Nazirlər Kabinetinin Qərarı ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”na dəyişiklik edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, “dəyişikliyə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün müəssisələrdə müəyyən edilən kvota Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış məlumatlar əsasında həmin e-sistem üzərindən olmaqla, yəni “Əmək və Məşğulluq” altsistemi vasitəsilə real vaxt rejimində aparılacaq. İşəgötürənlər kvota barədə məlumatı kvota müəyyən edildiyi gündən 5 (beş) iş günü müddətində “e-sosial” internet portalında yaradılmış elektron kabinetləri vasitəsilə əldə edəcəklər”.
Məlumatda daha sonra deyilir: “Beləliklə, əvvəllər Nazirliyin tebeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ildə bir dəfə işəgötürənlərin təhlili aparılır və növbəti il üçün uyğun müəssisələrdə kvota iş yerləri müəyyənləşdirilirdi. Artıq bu proses elektron şəkildə aparılacaq və müəyyənləşdirilən kvota iş yerləri ilə bağlı məlumatlar işəgötürənlərin şəxsi kabinetində yerləşdiriləcək. Agentliyin yerli qurumlarının və ya DOST mərkəzlərinin göndərişi ilə həmin kvota üzrə 5 (beş) iş günü müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin vakansiya üzrə işə qəbulu və ya bundan imtina edilməsi barədə qərar da işəgötürən tərəfindən həmin göndərişdə müvafiq qeydlər aparılmaqla “Əmək və Məşğulluq” altsisteminə daxil ediləcək. Kvota iş yerləri işçilərinin orta illik sayı 25-dən çox olan işəgötürənlərə təyin edilir. Müəyyənləşən kvota iş yerləri üzrə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsinə də Agentlik tərəfindən nəzarət edilir”.