Press "Enter" to skip to content

Bizi BÖYÜK TURANa daha da yaxınlaşdıran səfər

Nadir Azəri

Son yeniləmə: 14 Mart 2024 13:04

Yaxud Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi eyni zamanda dünyaya verilən “bizi güclü edən həm də mədəniyyətimiz olub” mesajıdır

BAYRAQDAR MEDİA – Son vaxtlar türk dünyasının inkişafı, daha da dərindən inteqrasiyası üçün olduqca mühüm, strateji və tarixi addımlar atılır. Atılan bu addımların hər biri isə ümumilikdə türk dünyasının möhkəmləndirməklə yanaşı bizi BÖYÜK TURANa daha da yaxınlaşdırır. Bu baxımdan 2024-cü ildə cərəyan edən proseslər xüsusilə diqqət mərkəzindədir.

15 il öncə Qazaxıstanın təklifi və Azərbaycanın dəstəyi ilə atılan tarixi addım

Əvvəla ona görə ki, Türk Dövlətləri Təşkilatının (TDT) timsalında müasir türk birliyinin əsasının qoyulmasnın 15-ci ildönümü məhz 2024-cü ilə təsadüf edir. Çünki TDT-nin, belə deyək ki, atası sayılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) 15 il əvvəl yaranıb.

Bəlli olduğu kimi 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilmiş TDƏŞ-in VIII Zirvə Görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilməkdə olan Türk Şurasının artıq Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilmişdir. TDƏŞ isə türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır.

Qardaş ölkə Prezidenti Azərbaycandadır

Türk qardaşlarımız demişkən, altını çizərək onu da vurğulayaq ki, həmin Şura 2009-cu ildə məhz Qazaxıstanın təklifi və Azərbaycanın dəstəyi ilə yaranmışdır. Azərbaycana səfəri öncəsi mediaya müsahibəsində bu məqama xüsusi olaraq toxunan Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev “Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucularıdır. Qurumun yaradılması təşəbbüsü Qazaxıstan tərəfindən irəli sürülüb və müqavilənin özü qədim Azərbaycan torpağında imzalanıb. Həmin andan demək olar ki, on beş il ötüb və indiyə qədər bizim ümumi təşkilatımız institusionallaşma yolunda uzun məsafə qət edib” deyib.

Müasir türk birliyi bu gün şahlanış dövrünü yaşayır

Beləiklə, 15 il öncə iki qardaşın – Azərbaycan və Qazaxıstanın fikir birliyinə verilən dəstək hesabına Azərbaycanın gözəl diyarı Naxçıvanda əsası qoyulan müasir türk birliyi bu gün şahlanış dövrünü yaşayır.

Qardaş ölkə Prezidenti Füzuli rayonunda

Yenə də Qasım-Jomart Toqayevin fikri ilə desək TDT beynəlxalq arenada tanınmış və hörmətli aktora çevrilir: “Nisbətən qısa bir tarixi dövr ərzində dövlətlərimizin əməkdaşlığı özünün həyat qabiliyyətini nümayiş etdirərək türk dünyasının konturlarını yeni geosiyasi reallıq kimi müəyyən edib. Obrazlı şəkildə desək, bizim vəzifəmiz güclü genlərə malik bu cücərtini davamlı olaraq inkişaf etdirməkdir. TDT-nin potensialı olduqca böyükdür”.

Bəli, çəkinmədən deyə bilərik ki, 15 il öncə Naxçıvanda Qazaxıstanın təklifi və Azərbaycanın dəstəyi ilə əsası qoyulan türk birliyi 15 il sonra yenə də iki qardaş ölkənin birliyi ilə bu dəfə də Azərbaycanda (həm Bakıda, həm də azad Qarabağda, Füzulidə – N.A) yeni yol xəritəsinin konturlarını müəyyən etdi.

Prezidentlər mətbuata bəyanatla çıxış ediblər – VİDEO

Azərbaycan Preizdenti İlham Əliyevin Bakıda Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevlə görüşdən sonra mətbuata verdiyi bəyanat da belə deməyə əsas verir: “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”.

Bu, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq

Hesab edirik ki, qardaş Qazaxıstann dövlət başçısının bu səfəri digər bir məqama görə də diqqət mərkəzində oldu. Söhbət Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimindən gedir. Açılışda da bəyan edildiyi kimi qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyan bu mərkəz, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq.

Qardaş ölkədən Azərbaycana möhtəşəm hədiyyə

Məlumat üçün qeyd edək ki, Prezident Qasım-Jomart Toqayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.

Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır.

Qeyd edək ki, yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Çünki görkəmli musiqiçi Kurmanqazının əfsanəvi əsərləri bütün türk dünyasının mirasına çevrilib.

Beləliklə, bu, bir tərəfdən türk xalqlarının tarixi ənənələrə sadiq qaldığını, dar gündə də, xoş gündə də bir-birinin yanında olduğunu təqsdiqləyir. Dədə Qoqud misalı biz “iki tonqal qalayanda” yəni işğal illərində və müharibə zamanı Azərbaycanın yanında olan türk dövlətləri, o cümlədən Qazaxıstan hazırda “üç tonqal qaladığımızı” görüb yanımızda qərar tutublar. Bu qardaş ölkələr müharibədən sonra da işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinə Azərbaycana dəstək verirlər.

Digər tərəfdən, işğaldan azad edilmiş və dost qazax xalqının hədiyyəsi olan Uşaq Yaradıcılıq Mərkəzinin Kurmanqazının adını daşıması “bizi güclü edən həm də mədəniyyətimiz olub” fikrinə bir işarədir. Yəni qazax qardaşlarımız bu mərkəzə Kurmanqazının adını verməklə dünyaya bir mesaj verib: Necə ki savaşda biz birlikdə ola bilirik, eləcə də şeirlə, sənətlə, mədəniyyətlə birlik olmağa və ölkələrimizi irəli aparmağı bacarırıq.

Mission News Theme by Compete Themes.