Press "Enter" to skip to content

Türk Dövlətləri İqtisadi Forumu keçiriləcək

2-3 may tarixlərində Bakıda “Türk Dövlətləri İqtisadi Forumu 2024” keçiriləcək

Son yeniləmə: 14 Mart 2024 17:01

BAYRAQDAR MEDİA – Bakı türk dünyası ilə bağlı daha bir mühüm tədbirə ev sahibliyi etməyə hazırlaşır. Belə ki, 2-3 may tarixlərində Bakıda “Türk Dövlətləri İqtisadi Forumu 2024” keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasından (KOBSKA) məlumat verilib.

Məlumata əsasən, Forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türk Dövlətləri Təşkilatı (TDT) və Yazılım Sanayiçileri Derneyi (YASAD) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə keçiriləcək: “Türk dövlətləri arasında ilk dəfə keçiriləcək tədbir, bu ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk dövlətləri ölkələr arasında münasibətlərin gücləndirilməsi məqsədini daşıyır. İnvestorlar, iş adamları, qlobal şirkət sahibləri, asossasiya rəhbərləri, ictimai birlik, bank, networkinq qruplarının iştirak edəcəyi forum növbəti mərhələdə daha 7 ölkədə təşkil olunacaq”.

Məlumata əsasən, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Kuzey Kıbrıs kimi ölkələrdə keçirilməsi planlanan tədbir, türk dövlətləri arasında ciddi iqtisadi əlaqələrin yaranması, biznes mühitinin formalaşmasına öz töhfəsini verəcək: “Tədbirə Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Qətər, Rusiya və Misir kimi ölkələrdən də investorların qatılması planlanır. Forumda “Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və tövhəsi”, “ Çin yoxsa Hindistan yolu?, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti”, “Türk qadını – Qadın sahibkarlığının inkişafı”, “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq – Brendləşmə, Françayzinq” başlıqlı panellər keçiriləcək. Hər bir panel müzakirəsində müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş qonaqlar çıxış edəcək. Qeyd edək ki, tədbirdə ortalama mindən çox ziyarətçinin qatılımı gözlənilir”.

Qeyd edək ki, bu gün tədbirə hazırlıqla bağlı KOBSKA-da mətbuat konfransı keçiriləcək.

Mission News Theme by Compete Themes.