Son yeniləmə: 13 Mart 2024 12:22
BAYRAQDAR MEDİA – Türkmən xalqının milli lideri, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdimuhamedov Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının 15-ci sessiyası çərçivəsində keçirilən iclasda bir sıra təşəbbüslər irəli sürüb.
Bu barədə Türkmənistan Dövlət Xəbər Agentliyinə istinadən orient.tm saytı məlumat yayıb.
Bildirilib ki, təkliflərə dostluq və qardaşlıq, birlik və həmrəyliyin möhkəmlənməsində, savadlı, zəhmətkeş gənclərin formalaşmasında yaşlı nəslin xidmətləri nəzərə alınaraq TDT-nin “Fəxri ağsaqqalı” adının təsis edilməsi; TDT-nin Ağsaqqallar Şurasının redaksiyasının yaradılması, gələcəkdə qəzet və ya jurnalın nəşri, habelə müvafiq internet saytının açılması; TDT-nin Ağsaqqallar Şurasının iclasının yekunlarına əsasən əməkdaşlığın inkişafına yeni təkan verəcək Bəyannamə layihəsinin qəbulu daxildir.
Türkmən xalqının milli lideri bildirib ki, “Ağsaqqallar Şurasının 15-ci iclasının Aşqabadda keçirilməsi bir tərəfdən Türkmənistanın türk dövlətləri ilə sıx əməkdaşlığa sadiqliyini göstərirsə, digər tərəfdən bu, bizə göstərilən böyük etimad və məsuliyyətdir”.
Qurbanqulu Berdiməhəmmədov görüş zamanı baxılacaq məsələlər və qəbul ediləcək qərarların təkcə Ağsaqqallar Şurasının deyil, həm də Türk Dövlətləri Təşkilatının gələcək inkişafının müəyyənləşdirilməsinə kömək edəcəyinə əminliyini ifadə edib.