BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev martın 13-də Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binali Yıldırımı qəbul edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, “Binali Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada artan nüfuzunu qeyd etdi, onun vacib beynəlxalq məsələlərin müzakirə edildiyi platforma olduğunu diqqətə çatdırdı. O, XI Qlobal Bakı Forumunun da uğurla keçəcəyinə əminliyini bildirdi. Binali Yıldırım Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri olaraq hər zaman göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi”.
O da bildirilir ki, dövlət başçısı Azərbaycanda prezident seçkisindən sonra həmişə olduğu kimi, ənənəyə uyğun olaraq ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə etdiyini vurğulayıb və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla apardığı müzakirələri məmnunluqla xatırladıb.
“Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı”, – deyə xəbərdə bildirilir.