BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Avrasiya Yazarlar Birliyi arasında ortaq tarixi köklərə, dəyərlərə sahib türk dövlət və xalqlarının mədəni əlaqələrini artırmaq, türk ədəbi və mədəni irsini beynəlxalq səviyyədə təbliğ etmək məqsədi ilə Anlaşma Memorandumu imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.
Xəbərdə deyilir ki, “sənədi Fondun prezidenti Aktotı Raimkulova və Avrasiya Yazarlar Birliyinin sədri Yakup Ömeroğlu imzalayıb. Sənəd qarşılıqlı əməkdaşlıq çərçivəsində müxtəlif mədəni tədbirlərin və layihələrin həyata keçirilməsi, o cümlədən kitabların nəşri, seminarların təşkili, türk dünyasının böyük şəxsiyyətlərinin, yazıçılarının yubileylərinin qeyd olunması məsələlərini və türkologiya sahəsində əməkdaşlığı ehtiva edir”.
Memorandumun imzalanma mərasimində Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, Fondun əməkdaşı Fərid Hüseyn, Fondun layihə rəhbəri Yakup Erkılıç iştirak edib.