Son yeniləmə: 12 Mart 2024 17:34
BAYRAQDAR MEDİA – Martın 15-i saat 14:00-da Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisinin açılışı olacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Türk Mədəniyyəti və İrsi Fondundan (ITHCF) daxil olub.
Xəbərdə bildirilir ki, “Novruza və bu bayramın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına salınmasının 15-ci ildönümünə həsr olunan sərgi ITHCF, Mədəniyyət Nazirliyi və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Ekspozisiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistana aid ənənəvi qadın geyimləri, həmçinin zərgərlik əşyaları nümayiş etdiriləcək. Bu sənət nümunələri təyinatına, üzərindəki naxışlara, hazırlandığı materiala və s. əsasən tamaşaçılarda türk xalqlarının özünəməxsus milli xüsusiyyətləri, adət-ənənələri, məskunlaşdıqları ərazinin təbii-coğrafi şəraiti, düşüncə və həyat tərzi barədə zəngin təəssürat yaradacaq”.
Təqdim olunan eksponatlar sözügedən Muzeyin, ITHCF-nin kolleksiyalarından, Macarıstan Xalq Sənətkarları Assosiasiyası və şəxsi kolleksioner Virciniya Morgan-Hayata aiddir.
Qeyd edək ki, martın 31-dək davam edən sərgi çərçivəsində ustad dərsi və mühazirə keçiriləcək.