BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın sabiq sədri Günel Səfərova Nazirliyin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Xəbər BAYRAQDAR MEDİA-ya ETN-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “2021–2023-cü illər ərzində İctimai Şuranın sədri vəzifəsində çalışan G.Səfərova Avrasiya Əməkdaşlıq Fondu, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının “Qaçqınların sosial qiymətləndirilməsi” layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib”.
Həmçinin xəbərdə qeyd edilir ki, “ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan G.Səfərova “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir. Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. Eyni zamanda uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib”.
Redaksiyadan: Biz bu təyinatı təqdir edirik. Ona görə ki, illərdir QHT sektorunda təcrübə toplayan, üstəlik də gərəkli beynəlxalq bacarıqları olan şəxslərin irəli çəkilərək dövlət işinə cəlb edilməsi yalnız ümumi işə fayda verə bilər. Təəssüflər olsun ki, bu təcrübədən yetərincə istifadə edilmir. Halbuki vətəndaş cəmiyyəti sektoru dövlətə lazım olan hazır kadrlarla doludur. O baxımdan ümid edirik ki, bənzər təyinatlar yenə də olacaq. Həm də davamlı.