Son yeniləmə: 12 Mart 2024 17:24
BAYRAQDAR MEDİA – Cari ildən Naxçıvanda məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu internet saytı vasitəsi ilə aparılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “hazırda sistemdə 240 valideyn (qanuni nümayəndə) üzrə elektron kabinet mövcuddur. Həmin valideynlər tərəfindən isə məktəbəqədər təhsil müəssisələrinə 380 növbə yaradılıb. Valideynlər 3 məktəbəqədər təhsil müəssisəsinədək seçim etməklə növbəyə yazıla bilərlər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə, uşağın digər müəssisələrə olan növbələri silinəcək. Sorğu qəbul edildikdən sonra valideyn 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq”.
Qeyd edək ki, Naxçıvanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi 20 müəssisə üzrə 201 qrupda aparılır.