BAYRAQDAR MEDİA – Bugünlərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəkinin “Azərbaycan dramaturgiyasında “atalar və oğullar” problemi” adlı monoqrafiyası nəşr olunub. “Azərnəşr”in yayımladığı monoqrafiyada XIX yüzilin sonu – XX yüzilin başlanğıcında Azərbaycan dramaturgiyasında bəhs olunan problem sistemli şəkildə təhlil olunub.
Bununla bağlı BAYRAQDAR MEDİA-ya daxil olan xəbərdə bildirilir ki, “monoqrafiyada Mirzə Fətəli Axundzadə ilə yanaşı XIX yüzilin sonu – XX yüzilin başlanğıcında Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamış Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Hüseyn Cavid və başqa dramaturqların milli ədəbiyyatın dəyərli örnəklərini ərsəyə gətirən pyesləri araşdırma obyektinə çevrilmişdir. Tədqiqatçı adı çəkilən dramaturqların müxtəlif əsərlərində yaradılmış obrazları dönəmin, mühitin problemləri fonunda nəsillərarası qarşıdurmanın fərqli rakurslarından təqdim etmişdir. Müəllif araşdırmaya çəkilən mövzunun Azərbaycan ədəbiyyatı tarixindəki rolunu və önəmini vurğulamaqla qalmamış, onun folklordan qaynaqlanan örnəklərinə diqqət yetirmiş, klassik yazılı mətnlərdə, divan ədəbiyyatında nə şəkildə bədii təcəssümünü tapdığını dəyərləndirməyə çalışmışdır”.
O da qeyd edilir ki, filologiya elmləri doktoru, Prof. Vaqif Sultanlı kitaba yazdığı “Dramaturji konfliktə çevrilən əbədi qarşıdurma elmi-nəzəri təhlil axarında” adlı ön sözdə araşdırılan mövzu ilə bağlı qənaətlərini aşağıdakı kimi ümumiləşdirir: “Problemin indiyə qədər diqqətdən kənarda qalması, daha doğrusu əhatəli şəkildə araşdırılmaması müəyyən səbəblərlə bağlıdır. Hər şeydən öncə, sovet siyasi rejimi dönəmində mənəvi-əxlaqi dəyərlərə söykənən bəlli problemlərin təhlili və şərhi ideoloji stereotiplərlə yasaqlandığından obyektiv səpkili araşdırmalara imkan verilməmişdir. Əksər hallarda isə nəsillərarası ziddiyyətlərin lüzumsuz olaraq sinfi məcraya yönəldilməsi, köhnəliklə təzəliyin sosial qarşıdurmasına çəkilməsi və bu bağlamda keçmişlə gələcəyin üz-üzə qoyulması aparılan araşdırmalarda yanlış, yaxud birtərəfli sonuclara varılmasına səbəb olmuşdur”.
Monoqrafiyada “atalar və oğullar” problemi milli yaddaş və özgələşmə, xalq və hakimiyyət konflikti məsələləri ilə əlaqəli şəkildə dəyərləndirilib.