Son yeniləmə: 11 Mart 2024 12:19
BAYRAQDAR MEDİA – Fars-molla rejiminin idarə etdiyi İranın Rəşt şəhərindəki Azad İslam Universitetində martın 10-da talış bölücülərinin iştirakı ilə “Talış İran mədəniyyəti və tarixinin simasında” adlı konfrans keçirilib.
Xəbəri “Azad İran” Telegram kanalı ArazNews-a istinadla yayıb.
Bildirilir ki, İran hökumətinin dəstəyi ilə keçirilən konfransda qondarma “Talış-Muğan Respublikasının başçısı” Əlikram Hümbətovun “davamçısı” Boris Talışinski çıxış edib.
Tədbirə Əhməd Kazemi, Əbülfəzl Beheşti, Məhəmməd Rezayəti və s. kimi anti-türk simalar və faşist paniranist düşüncəsinin təbliğatçıları də qatılaraq çıxışlarında Azərbaycan Respublikasına qarşı nifrət yağdırıblar.
Qeyd edilir ki, 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı, həm də İran hökumətinin dəstəyi ilə Əlikram Hümbətov Azərbaycanın cənub-şərq bölgəsində (Xəzər sahili) bölücülük təbili çalaraq muxtariyyət elan edib.
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Ə.Hümbətovun qondarma “qurumu” dağıdılıb və o, Azərbaycan məhkəməsi tərəfindən mühakimə olunub.
Redaksiyadan: Əlavə edək ki, Azərbaycanda istənilən etnik kökənli şəxs xalqların bərabərlik ailəsinin layiqli üzvüdür. O cümlədən talışlar da Azərbaycan Respublikasının vətəndaşı kimi bu dövlətə sadiqdir. Bu baxımdan fars-molla rejiminin kimlərisə Azərbaycana qarşı hərəkətləndirməyə cəhd göstərməsi bir daha sübut edir ki, İran özünün xalqlar həbsxanası olmasından diqqəti yayındırmaq üçün bu çirkin oyunlara əl atır.