BAYRAQDAR MEDİA – “Çölçü” Birliyinin qurucusu Eltən Törəçi türk oxçuluğu öyrədicisi (müəllimi) sertifikatı alıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Birlikdən daxil olub.
Xəbərdə bildirilir ki, “2-10 mart tarixində Yunus Emre İnstitutunun və Okçular Vakfının 2017-ci ildən gerçəkləşdirdiyi “Kemankeş” layihəsi çərçivəsində keçirilən 8-ci Gələnəksəl Türk Oxçuluğu Müəllimi təlimi proqramına qatılan “Çölçü” Birliyinin qurucusu Eltən Törəçi proqramı uğurla başa vuraraq gələnəksəl türk oxçuluğu müəllimi sertifikatı alıb”.
O da qeyd edilir ki, “Yunus Emre İnstitutu və Okçular Vakfı tərəfindən 2017-ci il, oktyabrın 17-dən həyata keçirlən “Kemankeş” layihəsi 2018-ci ildən bu günə qədər kəsintisiz olaraq gerçəkləşərək dünyanın bir çox ölkəsindən 9 min insanın iştirakı ilə Gələnəksəl Türk Oxçuluğu kursları düzənləyib. Bu il təşkil edilən kurslara qatılan və Gələnəksəl Türk Oxçuluğu Müəllimi rəsmi adını alan “Çölçü” Birliyinin qurucusu Eltən Törəçi 2015-ci ildən, hələ “Çölçü” Birliyinin formalaşmağa başladığı gündən qədim türk oxçuluğu sənətini araşdıraraq incələyib, daha dərindən öyrənməyə çalışıb. İllərdir öyrəndiklərini dostları, eləcə də “Çölçü” Birliyi üzvləri və Birliyin düzənlədiyi çölçü axınları iştirakçıları ilə bölüşən Eltən Törəçi Azərbaycanda gələnəksəl türk oxçuluğunun tanıdılması yönündə bir sıra işlər görüb”.
“Kemankeş” layihəsinə qatılanlar arasında “Çölçü” Birliyinin xanımlarından olan Elnarə Cəbrayılovanın da Eltən Törəçi ilə bərabər türk oxçuluğu müəllimi sertifikatı alması buna görə təsadüfi deyil.
“Mart ayında “Kemankeş” layihəsinə qatılaraq gələnəksəl türk oxçuluğu öyrədicisi təlimini uğurla başa vuran “Çölçü” Birliyi rəsmisi artıq Türk oxçuluq müəllimliyinin rəsmi sertifikatı ilə ölkəyə qayıdıb. Qatıldığı kurslarla bağlı öz təəssüratını bölüşən Eltən Törəçi gələnəksəl türk oxçuluğunun təbliği yönündə gördüyü işlərin ilk dəfə dəyərləndirildiyini vurğulayaraq bildirib ki, oxçuluq müəllimi sertifikatı almaq onun üçün böyük anlam daşıyır”, – deyə xəbərdə bildirilir.
Xəbərdə xatırladılır ki, layihə çərçivəsində keçirilən 8-ci təlim proqramına 10 ölkədən 16 idmançı qatılıb: “iştirakçı ölkələr isə Türkiyə, Azərbaycan, Almaniya, Belçika, Seneqal, Oman, Nigeriya, Misir, Cənubi Afrika Respublikası və İtaliyadır. Bununla da ümumilikdə gələnəksəl türk oxçuluğu müəllimi sertifikatı alan idmançıların sayı 185 nəfərə, layihədə iştirak edən ölkələrin sayı isə ümumilikdə 43-ə çatıb”.