Son yeniləmə: 11 Mart 2024 11:44
BAYRAQDAR MEDİA – Uzun müddət idi teatra gedə bilmirdim. Dəvətlər olurdu, özüm də çox istəyirdim, amma bir qayda olaraq həftə sonlarını Bakıda deyil, Dədəlidə keçirdiyim üçün teatrdan uzaq düşmüşdüm.
Təbii ki, bu durum daimi ola bilməzdi. Çox sevdiyim, dəyər verdiyim, cəmiyyətin maarifləndirilməsində, formalaşmasında əvəzsiz rolu olan teatrla yenidən görüşəcəyimiz bir gün mütləq gəlməliydi.
Gəldi o gün! Özü də tam Milli Teatr Günü – 10 martda! Həm də Azərbaycan teatrlarının ən öndə gedəni, mərkəzi məkanı olan Akademik Milli Dram Teatrında. Üstəlik, bu görüşə dəvət edildik, həvəslə də dəvəti qəbul etdik!
Çünki…
Çünki dəvət edən çox dəyərli sənətçi, Əməkdar incəsənət xadimi (niyə hələ də Xalq artisti deyil? – A.H.) Mehriban Ələkbərzadə idi! Özü də elə bir əsərin premyerasına dəvət etmişdi ki, həm dəvət edənə, həm də əsərə görə ona mütləq baxmalıydım!
Beləliklə, martın 10-da, saat 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük yazıçı, əsərləri ilə az qala 40 il öncədən bir oxucusu olaraq qəlbimi fəth etmiş Çingiz Aytmatovun “Əsrə bərabər gün”ü təqdim edildi. Özü də Mehriban Ələkbərzadənin müəllifliyi və quruluşçu rejissorluğunda! Belə bir təqdimat möhtəşəm olmazmı? Olar əlbəttə və oldu da!
Haşiyə: Mehriban Ələkbərzadə çağdaş dövrümüzün ən parlaq şəxsiyyətlərindən biridir. İllərdir tanıyıram onu. Amma heç vaxt yol yoldaşı olmamışdım. Deyirlər axı, adamı daha yaxşı tanımaq üçün yol yoldaşı olmaq vacibdir. Bəxtim gətirdi, 2023-cü ilin aprelində Mehriban xanımla (başqa dəyərli insanlar da vardı) qardaş Türkiyəyə səfərimiz oldu. Yol yoldaşlığı etdik. Bu yoldaşlıq illərdir tanıdığım Mehriban Ələkbərzadəni yenidən kəşf etməyimə imkan yaratdı. Haqqında düşüncələrimdə yanılmadığımı, verdiyimiz dəyərdən də artığına layiq olduğunu gördüm və sevindim. O, doğrudan da çağdaş dövrümüzün ən milli aydınlarının önündə gedir. Bütün anlamlarda. Xanım-xatınlığı ilə, sənətə sevgisi, dövlətə, millətə bağlılığı və ən əsası da bizə hazırda hava və su kimi lazım olan ideoloji məsələlərə yanaşması ilə.
…Beləliklə, baş rolunu çox dəyərli Xalq artisti Nurəddin Mehdixanlının oynadığı (Yedigey) tamaşa istər səhnə tərtibatı, istərsə də aktyor ustalığı ilə həyəcan yaratmaya bilməzdi. Hadisələrin inkişafı, məntiqi ardıcıllıq, tarixə ekskurs və bütün bunların gerçək həyatdakı kimi canlandırılması həm rejissor işinin, həm də aktyor oyununun mükəmməlliyinin bariz sübutu idi. O qədər gözəl bir təqdimat idi ki, bəzən tüklərim biz-biz oldu, bəzən gözlərim yaşardı, bəzən də xəyala daldım. Tamaşa şəxsimi günün gerçəkliklərindən ayırıb öz ağuşuna ala bildi. Səhnədə gördüklərimi yaşadım, özümü obrazların yerində gördüm.
Çingiz Aytmatovun Vətəni Qırğızıstanı, ümumiyyətlə ortaq türk tariximizi və xarakterimizi yetərincə bilən birisi kimi bu möhtəşəm sənət əsərinə görə dəyərli Mehriban Ələkbərzadə başda olmaqla hər bir aktyora, işıqçıya, rəssama, əməyi keçən hər kəsə hər an təşəkkür keçdi könlümdən.
İki saat yarım çəkən tamaşanın nə vaxt bitdiyini bir də ayaq üstə qalxıb aktyorları, rejissoru alqışlayanda fərq etdim. Şəxsən bir tamaşaçı olaraq bu gecədən zövq aldım, xeyli vaxtdır teatrdan ayrı qaldığıma görə özümü xeyli qınadım…
Nə deyim? Biz yenidən teatrı kəşf etdik. Ayrıca vurğulamaq istərdim ki, salonda bütün yerlər tutulmuşdu. Bizim kimi dəvətlə gələnlər öz yerində, əksər tamaşaçılar məhz bilet alaraq tamaşaya gəlmişdi. Bu isə o deməkdir ki, tamaşaçı teatra maraq göstərir, hətta pul xərcləməyə də hazırdır.
Ümumiyyətlə isə teatr bir başqa yerdir, burada insanlar başqa cürdür, münasibətlər çox üstün səviyyədədir. Teatr ən mədəni insanları bir araya gətirir. İstər zalda oturan tamaşaçılar, istərsə səhnədəki oyunçular cəmiyyətin daha mədəni, daha aydın olması üçün çalışanlardır. Ona görə də teatrın yenidən canlandırılması şəxsimi sevindirməyə bilməz.
Haşiyə: Tamaşada çox dəyərli sənətçi, uşaqlığımın, gəncliyimin və indiki “qocalığımın” ən sevilən aktyoru, sözün həqiqi mənasında böyük ziyalı, Xalq artisti İlham Namiq Kamalla görüşmək də çox xoş oldu. Çoxdandır canlı görüşmürdük, görüşdük. Teatrdan da danışdıq, yeni bir şəkil də çəkdirdik. Ki, xoş bir xatirə olsun. Biz bu cür böyük sənətçilərin tamaşa və filmləri, mədəniyyəti ilə böyüdük, yetişdik. Bir millət olaraq qızıl fondumuzdur onlar bizim.
Yeri gəlmişkən onu da deyim, kənardan müşahidə edirəm və görürəm ki, Mehriban Ələkbərzadənin sözügedən Teatra bədii rəhbər gətirilməsi bu mədəniyyət ocağına yeni ruh verib. Demək olar ki, hər gün cəmiyyətdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı haqqında danışılır, orada səhnələşdirilən əsərlər müzakirə edilir, rejissorlar, aktyorlar müzakirə mövzusu olur. Bu isə bütövlükdə cəmiyyət üçün yaxşı görsənişdir. Özəlliklə də gənclərin zərərli vərdişlərə meyl etməsi, internet asılılığı dövründə teatr mədəniyyətinin canlandırılması, insanların bu müqəddəs məbədə cəlb edilməsi bizə hava və su kimi gərəklidir.
Bilirəm, daha uzun yazı da yaza bilərdim. Amma düşündüm ki, təəssüratlarımı qısa tutum. Sadəcə Mehriban Ələkbərzadəyə, həmçinin bütün aktyorlara, texniki heyətə dərin bir minnətdarlıq hissimi ifadə etmək keçir könlümdən. Möhtəşəmsiniz! Hər biriniz! Hələ tamaşada rol alan o dörd balaca bala bir başqa idi! Sadəcə mükəmməl! Sayənizdə illər sonra yenidən əski sevdama qovuşdum!
Sonda: Milli Teatr Günümüzdə bu günün səbəbkarı, həm də martın 10-da anım günü olan böyük mütəfəkkir, Azərbaycan dramaturgiyasının və realist nəsrinin banisi Mirzə Fətəli Axundovu da sayğı ilə anıram. O böyük şəxsiyyət hələ o cəhalət dolu 19-cu yüzildə bütün basqılara baxmayaraq milləti aydınlığa çıxarmaq üçün çalışdı, bizə əvəzedilməz bir miras qoyub getdi. Yeri uçmaq olsun o böyük Kişinin!