BAYRAQDAR MEDİA Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Nəsibqızının 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yazdığı yazını təqdim edir:
Qadınlar beşik yürgələyir
– gələcək arzulu körpə beşiyi,
Kişilər keçmişdən qalma bir dərd.
Qadınlar türkü deyə-deyə bayraq tikir,
Kişilər bayraq uğrunda gedər.
Qadınlar xalı toxuyur, sərmək üçün yarı gələn yollara.
Kişilər yollar açır yalçın qayalardan,
Elə sarı gələn yolları. Əkbər Qoşalı
Nə gözəl şeirdir, nəğmə-nəğmə oxuyur bizi – xalqımızın oğullarını, qızlarını.
Dünya nə qədər dəyişsə də, tarix nə qədər qocalsa da sözlər həmin sözlərdir.
Xalq həmin xalqdır! Qəhrəman, mərd və yenilməz! Dəyişən fəsillərdir.
İndi bayramlar da fərqli gəlir yurdumuza. Günəş də fərqli doğur, güllər də fərqli açır, otlar firavan cücərir Cıdır düzündə.
Nə gözəl imiş qalib xalqın bayram təntənəsi. Şəhid analarının odlu-alovlu təbrik çıxışları. Yerdən qalxan fidanlara, bəyimlərə, xatınlara necə örnək olur başı qara yaylıqlı, bətni qəhrəman beşiyi olan müqəddəs anaların parlaq çağırışları.
Tribuna arxasından bütün Azərbaycan xanımlarını təbrik edən bir şəhid xanımının duruşu bütün dünyaya ismarış yollayır.
Budur Azərbaycan qadını!
Ölkədə qadın siyasətinin əsasını qoyan Ulu Öndər, “qadınsız insan yoxdur, qadınsız həyat yoxdur” deyirdi. Eləcə də, “dünyanın ən gözəl qadını Azərbaycan qadınıdır!” deyirdi.
Sözünüzə qüvvət, Ulu Öndər! Bu gün Beynəlxalq Qadınlar Günündə ən gözəl sözlər, ən ülvi təbriklər elə Azərbaycan qadınlarına yaraşır. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb.
Ulu Öndərin sözlərinin davamı olaraq Prezidentimiz İlham Əliyev deyir: “Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər”.
Bu gün ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyeva milli maraqlarımıza xidmət edən ənənələrimizi yaşadan çoxlu sayda layihələrlə dünyada Azərbaycan qadınının imicini formalaşdıra bilib.
Ey Xocalıda 613 dəfə ölüb, Qarabağda 3000 dəfə dirilən Azərbaycan qadını, bayramın mübarək!
Boynubükük namusumuzun başını dikəldən qəhrəmanların anası, çiyni üstündə Vətənə canından pay aparan, bütün dünyaya qadının qüdrətini sübut edən güclü Azərbaycan qadını, bayramın mübarək!
Sən elə bir qüvvəsən ki, örpəyin qan yatırdar. Sən elə bir anasan ki, hansı yaşda, hansı statusda olsan da adın uca, namusun müqəddəs tutular. Xalqımın qeyrəti adınla ölçülər.
Təkcə bu gün yox, hər gün üzünüz gülsün, əziz xanımlar!
Bu gün bir şəhid anasına görə bütün qadınlara baş əyirik…
Bayramınız mübarək!