Son yeniləmə: 7 Mart 2024 09:53
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə işsiz və işaxtaran şəxslərin peşə hazırlığının təşkili istiqamətində tədbirləri davam etdirir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən mılumat verilib.
Bildirilib ki, “həmin ərazilərdə özəl tədris müəssisələri ilə birgə peşə kurslarının təşkili məqsədilə onların mövcud infrastruktur və şəraitlə tanışlığı üçün Agentliyin Bərdə şəhərindəki Qarabağ Peşə Hazırlığı Mərkəzinə və Xankəndi şəhərinə infoturu təşkil olunub. Özəl tədris müəssisələrinin nümayəndələri Qarabağ Peşə Hazırlığı Mərkəzində işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun peşələrə yiyələnməsi üçün yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, ötən ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Mərkəzdə48 peşə istiqaməti (dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, informasiya texnologiyaları və s.) üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb”.
Məlumata görə, tanışlıq zamanı qeyd edilib ki, burada 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar fəaliyyət göstərir. Mərkəzdə bu il ərzində 1000 nəfərin peşə hazırlığına cəlb olunması nəzərdə tutulub: “Daha sonra Agentliyin və özəl tədris müəssisələrinin nümayəndələri Xankəndi şəhərində olublar. Burada da işəgötürənlərin ehtiyacları əsasında peşə hazırlığı kurslarının təşkili imkanları ilə bağlı məlumat verilib, infrastruktur və şəraitlə tanışlıq olub”.