Son yeniləmə: 7 Mart 2024 09:22
Yaxud dostlar hər zaman SƏNi xatırlayacaq
BAYRAQDAR MEDİA – Bu gün SƏNin günündür. Anadan olduğun gün. Yaşasaydın, telefon edib, yaxud da mesaj yazıb ad gününü təbrik edəcəkdik.
Sonra da Novruz bayramı gəlir. SƏNin ən çox sevdiyin bayramlardan biri. Elə həmin bayramda da ənənəvi olaraq qarşılıqlı təbrikləşmə edəcəkdik.
Təəssüflər olsun ki, bu dəfə fərqlidir. 49 yaşın münasibətilə SƏNi canlı olaraq təbrik edə bilmirik. Elə Novruzda da SƏNi tanıyandan ilk dəfə olaraq bayram təbrikini canlı olaraq deyə bilməyəcəyik.
Amma əmin ol ki, həm bu il, həm gələn il, ümumiyyətlə sədaqətli dostların var olduqca xatırlanacaqsan.
Aşıq Veysel demiş:
Ben giderim adım kalır
Dostlar beni hatırlasın.
Düğün olur bayram gelir
Dostlar beni hatırlasın
Əslində, bu yazı bəlkə də tamamilə başqa ovqatla yazılacaqdı. Amma martın 4-də dəyərli Arzu Bağırovanın rəhbərlik etdiyi “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin təşkil etdiyi tədbirdə müşahidə etdiklərim bu, ad günü təbriki əvəzinə yazdığım yazının ovqatını tamamilə dəyişdi. Təbii ki, müsbət mənada.
Həmin tədbir barədə ətraflı təəssürat yazısı yazdığım üçün, təkrar xatırlatmalara ehtiyac duymuram. Sadəcə dəyərli oxucular üçün həmin yazının linkini bura əlavə edirəm.
Yalnız bircə əlavə edim ki, həmin tədbirdə hər şey SƏNin sağlığında olduğu kimi idi. Bütün proses boyu SƏN orada idin. Sadəcə, əvvəlki illərdən fərqli olaraq cismən deyil, ruhən.
Yenə də dostları bir araya toplamışdın. Yenə də şəhid və qazi ailələri ön sırada idi. Yenə də türk dünyasına layiq bir şölən oldu.
Türk dünyasından söz düşmüşkən, dəyərli bacım SƏN varlığında olduğu kimi, ölümünlə də türk dünyasındakı digər dostlarla bizi bir araya gətirməyi bacardın. SƏN bu dünyaya gözlərini əbədi yuman gün Türkiyədən, Kuzey Kıbrısdan, Orta Asiyanın bəzi ölkələrindən olan ortaq dostlarımız zəng etdi, mesaj yazdı, səsli mesaj göndərdi. Vəfatın münasibətilə mənə başsağlığı verdilər. Bu başsağlığını almaq nə qədər çətin olsa da, həmin dostların hər birinin son kəlməsində ifadə etdikləri “Qənirə xanım türk dünyası üçün çox işlər gördü. Yarım qalan işlərini və arzularını davam etdirmək isə biz dostların boynunun borcudur” cümləsini eşitmək qürurverici idi.
Ona görə də rahat yat, əziz dost. Arzun, istəyin, əməllərini yaşayır və yaşayacaq. Hər zaman görüşlərimizdə dediyin kimi hələ gediləcək çox yolumuz var.
Yazıma son nöqtə qoymazdan öncə bir haşiyə də çıxmaq istəyirəm. Yayda Şəmsiyə də, Nihat da yenə Bakıya gələcəklər. Və yəqin ki, ənənəvi olaraq yenə də SƏNinlə bir araya gələcəyik. Ənənəni pozmaq olmaz. Onlar ali məktəbə girəndən sonra hər yay kabinetdə qəbul edər, məsləhətlərini verərdin. Düzdür, bu dəfə kabinetdə olmayacaqsan. Amma əminəm ki, məzarın başında da yenə onlara – ürəkdən, xüsusi sevgi ilə “Qardaşımın balaları” dediyin Şəmsiyəyə və Nihata öz dəyərli məsləhətlərini verəcəksən.
Əziz DOST 49 yaşın münasibətilə yazdığım bu köşənin girişində Aşıq Veyselin “Dostlar məni xatırlasın” şeirindən bir bənd vermişdim. Yazıya son nöqtəni də həmin şeirdən digər bir bəndlə qoyur və deyirəm ki, dostlar hər zaman SƏNi xatırlayacaq:
Can kafeste durmaz uçar
Dünya bir han, konan göçer
Ay dolanır yıllar geçer
Dostlar beni hatırlasın