Press "Enter" to skip to content

QHT sektoru ilə bağlı səsli düşüncələr

Azər Həsrət

BAYRAQDAR MEDİA – Bir neçə gündür mediada QHT sektoru ilə bağlı fikirlər – təhlillər tirajlanır. Bu təhlillərdə daha çox sektordakı yenilənməyə vurğu edilir. Uzun illər bu sektorda olmuş və indi də qismən olan birisi kimi gedən müzakirələrə biganə qala bilmirəm, bilməzdim də. Baxmayaraq ki, hələ 2018-ci ildə fəal QHT təmsilçisi olmaqdan könüllü imtina etmişəm. Bu da səbəbsiz deyildi…

Beləliklə, 10 illərini vətəndaş cəmiyyəti quruculuğuna həsr etmiş, bu yöndə özəlliklə də beynəlxalq səviyyədə yetərincə uğur qazanmış, Azərbaycanın bu sektorunu gərəkli səviyyədə təmsil etmiş və etməkdə olan birisi kimi bəzi fikirlərimi mən də paylaşmaq istərdim.

Qeyd edim ki, vətəndaş cəmiyyəti fəaliyyətim 30 ildən çox bir keçmişə malikdir. Az müddət deyil. Bunun 25 ili beynəlxalq səviyyədə təmsilçiliklə paralel olub həm də. Yəni demək istədiyim odur ki, yetərincə təcrübə sahibiyəm, sektordakı ən öndə gedən QHT nümayəndələrini şəxsən tanıyıram, kimin nəyə qadir olduğunu da ordan-burdan eşidərək deyil, şəxsi müşahidələrimlə müəyyən edə bilirəm.

1988-ci ilin dekabrında əsgərlikdən qayıtdıqdan sonra – artıq 1989-cu ilin yanvarında ictimai fəaliyyətlə məşğul idim. (Təbii ki, orta məktəbdə, hətta əsgərlikdə də ictimai fəal birisi olmuşam. – A.H.) Sonrakı illərdə isə bu sahədə mütəşəkkil fəaliyyətim olub. Hətta çoxlarının indi xatırlamadığı Şimali Azərbaycan Azad Tələbə İttifaqının da üzvü idim 90-cı illərin əvvəllərində.

Ümumilikdə isə ötən yüzilin 90-cı illəri tələbəlik dövrümə düşdüyü üçün daha çox tələbə-gənclərlə işləmiş, yetərincə geniş bir çevrədə həm tanınmış, həm də çoxlarını tanımışdım. Sonrakı mərhələdə isə artıq media fəaliyyətim oldu ki, burada da jurnalistləri tanıdım. Həm də ictimai fəal jurnalistləri.

O da yadımdadır ki, 1999-cu ilin iyun ayında Milli QHT Forumunun quruluş qurultayında iştirakımı yarımçıq saxlayıb oxumaq üçün Kanadaya getmişdim. Bu ölkədə BMT insan haqları sistemi üzrə insan haqları məktəbində oxudum, sonrakı mərhələdə təhsilimi davam etdirib 2006-cı ildə insan haqları təlimçisi sertifikatına sahibləndim…

İllər keçdi, təcrübəmiz artdıqca artdı. 1997-ci ildən başlayaraq beynəlxalq qurumlarla da işlədim. Hətta bəzən bu qurumların rəhbər vəzifələrinə də seçildim.

Bütün fəaliyyətim isə yalnız Azərbaycanın dövlət maraqlarına xidmətə yönəlik oldu. Tənqidçi idim, amma ölkədən kənardakı əsas fəaliyyətim Ermənistanın başımıza gətirdiklərini dünyaya tanıtmaq, Azərbaycanın haqq davasına töhfə verməkdi…

Sonra QHT Şurası quruldu. Buna da sevindik. Çünki öz dövlətimiz bu sektora gərəkli dəstəyi vermək üçün atmışdı bu addımı. Bir neçə il Şuradan ayrı-ayrı layihələr üçün maliyyə də aldıq. İşlədik, layihələri artıqlaması ilə icra etdik, işimizi beynəlxalq səviyyədə də tanıtdıq.

Amma…

Amma bir müddət sonra məni bu sahədən rəsmən iyrəndirdilər! Bəli, məhz belə oldu!

2017-ci ildə isə ümumiyyətlə elə bir hadisə baş verdi ki, ondan sonra artıq çəkilib getməyə bilməzdim. Çünki özümə hörmət edən adamam. Kimsənin də qarşısında gözü kölgəli deyiləm!

2017-ci ildə əvvəlki ilə aid QHT-lərin fəaliyyəti ilə bağlı hesabat açıqlanırdı. QHT Şurası layihələrin icrası üzrə təşkilatların reytinqində mənim başçılıq etdiyim Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsini 70-ci yerdən də aşağı qoymuşdu. Yəni bizə qədər olan 70 təşkilat layihəsini daha keyfiyyətli icra edibmiş. Açığı, şübhəli görünsə də susmaq fikrində idim. Düşünürdüm ki, belə bir hal mümkündür. Hərçənd bizim layihəmiz nöqtə-vergülünə qədər vaxtında və keyfiyyətlə, həm də artıqlamasıyla icra edilmişdi…

Lakin sonra bəlli oldu ki, reytinqdə 1-ci yerdə adı it dəftərində belə olmayan bir təşkilat qərarlaşıb! Hə, onda araşdırma aparıb o təşkilatı tapmaq istədim. Bax, məsələ də bundan sonra aydın oldu!

Aydın oldu ki, QHT Şurasının reytinq cədvəlində ilk yeri tutan təşkilat haqqında internetdə heç bir məlumata rast gəlinmir! Təşkilatın sədrinin adını belə internetdə tapmaq olmur! Belə bir vətəndaş cəmiyyəti fəaliyyəti ola bilərmi? Hələ nəzərə alaq ki, layihələrin icrası, görülən işlər mediada geniş yayımlanmalı, ictimailəşməlidir…

Bundan sonra qərara gəldim ki, artıq bu cür hallar getdikcə çoxaldığına görə burada qala bilmərəm. Ona görə də həmin il qrant üçün QHT Şurasına müraciət etmədim. 2018-ci ildə isə rəhbəri olduğum təşkilatdan da ayrılıb sektoru tam olaraq tərk etdim. Ki, belə bir bazarda mənim yerim ola bilməzdi…

2018-ci ildən sonra da sektorda bəzən ekspert kimi, bəzən də müxtəlif səbəblərdən şəxsimə müraciətlər az olmayıb. Hətta o da olub ki, beynəlxalq qurumlarda vətəndaş cəmiyyətini təmsil etmək üçün məhz mənim iştirakım lazım olub. İmtina etməmişəm, əksinə həvəslə bu işə qol qoymuşam. Çünki belə fəaliyyətim dövlətimizə, xalqımıza lazımdır…

Son illər isə QHT Agentliyi fəaliyyət göstərir. Açığı, bir QHT rəhbəri olmadığım üçün bu qurumla bağlı dərin bilgilərim yoxdur. Amma ara-sıra tədbirlərə dəvət edilirik, müxtəlif məsələlərdə bizim də təcrübəmizə müraciət olunur. Şəxsi müşahidələrimə əsaslanıb deyə bilərəm ki, Agentlik öz sələfindən fərqli olaraq daha dinamik, daha çevikdir. Üstəlik də təcrübəli peşəkarlara diqqət yetirilir, onların imkanlarından məhz ictimai maraqlar üçün istifadə edilir. Bu baxımdan şəxsi qənaətim ondan ibarətdir ki, QHT Agentliyi yəqin ki, sektorun ümidlərini doğruldur.

Yeri gəlmişkən, mediadan aldığım məlumatlara əsaslanıb deyə bilərəm ki, Agentliyin maliyyələşdirdiyi layihələr çərçivəsində görülən işlərin daha keyfiyyətli olduğu müşahidə edilir. Bu da ondan xəbər verir ki, qurum sadəcə maliyyə ayırmaqla qalmır, layihələrin keyfiyyətli icrası ilə də birbaşa maraqlanır, gərəkli nəzarəti edir və nəticələrin əldə olunmasına çalışır.

Belə bir durumda QHT Agentliyi ilə bağlı bəzən əsassız olduğu şübhə doğurmayan kampaniyaları da müşahidə edirik. Əlbəttə, tənqid olmalıdır. O cümlədən də nəzarət. Amma tənqid edənlərin özlərinin də kimliyi dürüst ola gərək. Sözümün canı odur ki, tənqid edənlər arasında uzun illərdir tanıdıqlarımız da var ki, onların əvvəlki illərdə layihələri necə “həzmi-rabe”dən keçirdiyini bilməyən yoxdur. Başqalarını bilmirəm, amma elələri sussa yaxşıdır…

İş varsa, qüsur da olacaq. Qüsur varsa, tənqid də olacaq. Amma tənqid bəzən yerini qərəzə verəndə bizim kimi insanlar da susmasın gərək. Ən azından mən belə düşünürəm…

Mission News Theme by Compete Themes.