BAYRAQDAR MEDİA – Martın 7-də AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə öncə MEK-in direktoru, Prof. Məmməd Əliyev çıxış edərək tədbir iştirakçılarını – qonaqları, şəhid ailələrini salamlayıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınına verdiyi dəyərdən söz açıb. Professor çıxışı zamanı rəhbəri olduğu kitabxana əməkdaşlarının çoxunun qadınlardan ibarət olduğunu deyərək onları ürəkdən təbrik edib, işlərində uğurlar diləyib. M.Əliyev çıxışı zamanı Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşən şəhidlər, qəhrəmanlar haqqında danışıb. Həmin qəhrəmanları yetişdirən analara minnətdarlıq ifadə edib.
Ardınca YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışı edərək Azərbaycanın qalib xalqın qalib qadınlarının bayramını qeyd etdiyini bildirib. B.Nəbiyev Azərbaycan qadının istər evində, istər idarəetmə strukturlarında, istərsə də siyasi fəaliyyətdə kişilərdən üstün olduqlarını vurğulayıb. O, rəhbəri olduğu Təşkilat haqqında danışarkən müəssisənin üzlərinin sayının 53,4 faizinin qadınlardan ibarət olduğunu deyib.
Daha sonra Milli Qəhrəman Gültəkin Əsgərovanın qızı Əminə Axundova çıxış edib, Beynəlxalq Qadınlar Günü ilə bağlı fikirlərini bölüşüb. O, şəhid ailələrinin hər zaman Prezidentin yanında olduqlarını qeyd edib.
Tədbir zamanı səmərəli fəaliyyətinə görə MEK-in bir qrup əməkdaşı təltif edilib.
Həmçinin tədbirdə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı video nümayiş olunub.