Press "Enter" to skip to content

Bakıda “Dinlərarası harmoniya” adlı festival keçiriləcək

Son yeniləmə: 7 Mart 2024 10:17

BAYRAQDAR MEDİA – Martın 8-də Bakıda “Dinlərarası harmoniya” adlı festival keçiriləcək.

Festival Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycanda fəaliyyət göstərən dini qurumların birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Festival Azərbaycanda mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə təşkil olunur. Festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ və Avropa yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Krişna Şüuru və digər dini qurumların fəaliyyətini əks etdirən fotosərgi, sənədli filmlər, videoçarxlar və musiqi proqramı nümayiş etdiriləcək”.

Məlumata görə, festivala 8-10 mart tarixində Bakı şəhərində keçiriləcək “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamafobiya ilə mübarizə” konfransında iştirak edən xarici qonaqların da qatılacağı gözlənilir: “Festival Nigar Rəfibəyli 12/14 ünvanında yerləşən “Passage 1901” restoranında saat 17:00-da keçiriləcək”.

Mission News Theme by Compete Themes.