Son yeniləmə: 6 Mart 2024 11:21
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) BMT-nin Qlobal Sazişinə qoşulub.
Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, “Agentlik BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq strategiya və fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq prinsiplərinə uyğunlaşdırmaqda, KOB-ların inkişafına və yeni sahibkarlıq subyketlərinin yaradılmasına dəstək olmaqla qlobal davamlı inkişaf strategiyasına öz töhfəsini verməkdə davam edəcək. Həmçinin, Agentlik 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq fəaliyyətində və KOB-larla iş prosesində ətraf mühit məsələlərinə, “yaşıl iqtisadiyyat”ın təbliğinə diqqəti daha da artıracaqdır”.
Qeyd edilib ki, BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir: “Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır”.