Press "Enter" to skip to content

KKTC-nin dövlətçilik haqqının dünya tərəfindən tanınmasına nail olmalıyıq

Fikrət Əliyev

Son yeniləmə: 6 Mart 2024 09:52

Fikrət Əliyev: Bu baxımdan ilk olaraq TDT-yə daxil olan ölkələr KKTC-ni tanımalıdırlar

BAYRAQDAR MEDİA – “Müasir dövrdə milli, dini, yaxud da strateji baxımdan bir-birinə yaxın olan dövlətlərin birliklərinin yaranması və ya həmin birliklərin öz fəaliyyətini daha da gücləndirməsi qlobal çağırışlardan biridir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının (TDT) öz fəaliyyətinə yeni enerji verməsi, yeni addımların atılması mühüm əhəmiyyət kəsb edir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Unity Company şirkətinin təsisçisi, türk dünyası sevdalısı Fikrət Əliyev deyib.

Onun sözlərinə görə, TDT türk dünyasının gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir: “Sevindirici haldır ki, TDT-yə baxanda biz qlobal məkanda gələcəyin vahid və strateji önəm daşıyan birliyini görürük. Onu da vurğulamağı özümə borc bilirəm ki, TDT-nin daha da güclənməsi üçün atılması vacib olan addımlar var. Və qürur hissi ilə qeyd edim ki, bu addımların atılmasında Azərbaycan öndə gedir”.

F.Əliyev vurğulayıb ki, TDT-nin daha da güclənməsi üçün atılması vacib addımlardan biri də bütün bölgələrdə, o cümlədən Doğu Akdeniz bölgəsində türk dünyasının mövqeyinin güclənməsindən keçir: “Bu kontekstdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) xüsusi önəm verilməsi aktuallıq kəsb edir. Bildiyiniz kimi, bu məsələdə də Azərbaycan fərqlənir. Cənab Prezident İlham Əliyev qardaş Türkiyəyə son səfərində bəyan etdi ki, 2024-cü ilin iyulunda Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə TDT-də müşahidəçi statusunda olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar da dəvət edilib. Həmin dəvət şəxsən Prezident İlham Əliyev tərəfindən edilib. Dövlət başçısının bəyan etdiyi kimi, bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.

Müsahibimiz onu da qeyd edib ki, KKTC türk dünyasının Doğu Akdenizə açılan qapısı, etıbarlı qalasıdır: “Bu qalanı daha da güclü etmək üçün isə KKTC-nin dövlətçilik haqqını dünya tərəfindən tanınmasına nail olmalıyıq. Bu baxımdan düşünürəm ki, ilk olaraq TDT-yə daxil olan ölkələr KKTC-ni tanımalıdırlar”.

Mission News Theme by Compete Themes.