BAYRAQDAR MEDİA – 2020-ci ilin 44 günlük savaşı nəticəsində reallıqları dərk edən Ermənistan rəhbərliyi sonrakı mərhələdə müstəqil dövlət quruculuğunun vacibliyini anlayıb. O baxımdan hələ də özünü təsdiq edə bilməyən qonşu dövlət yavaş-yavaş nəsə etməyə çalışır. Özəlliklə də Rusiyanın vassallığından qurtulmağa çalışması Ermənistanı müstəqil dövlətə çevirə bilər. Bu isə ümumilikdə Güney Qafqazın maraqlarına cavab verir. Yalnız bir şərtlə ki, Rusiyanı başqa dövlət, örnək üçün, Fransa əvəz etməsin.
Ermənistanın müstəqillik yönündə atmaq istədiyi addımlardan biri də İrəvanın “Zvartnots” Hava Limanında Rusiya sərhədçilərinin xidmətini dayandırmaq cəhdidir. Xeyli müddətdir bu yöndə fikirlər səsləndirilsə də hələ ki, Ermənistanın bir nömrəli hava qapısına nəzarət Rusiyanın əlində qalmağa davam edir.
Məsələyə martın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan növbəti dəfə münasibət bildirib.
Ermənistan mediasının yaydığı xəbərə görə, A.Grigoryan parlamentdə jurnalistlərlə söhbətində bildirib ki, ölkəsi hava limanında Ermənistan sərhədçilərinin xidmət aparmasını vacib sayır. O, bildirib ki, bununla bağlı Ermənistanın aydın mövqeyi var və məsələ haqqında rəsmi məktubla Rusiya da məlumatlandırılıb.
Belə anlaşılır ki, Ermənistan Rusiyanı əsas qapısından qovmaqda qərarlıdır.