BAYRAQDAR MEDİA – Azərbaycan Milli Xalça Muzeyi tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) dəyərli nəşrlər təqdim edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “Kitabxanaya Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq. Təsviri və dekorativ-tətbiqi sənət məsələləri” beynəlxalq elmi konfransın xüsusi buraxılışı, “Türk və İslam əsərləri kolleksiyasında Azərbaycan xalçaları” (türk dilində), “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından”, “Rami və Meir. Bir xalqın hekayəsi – bütün dünya üçün” (rus dilində), “Azərbaycan Xalça Muzeyi. 55 illiyinə”, “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları”, “Vətənim mənim” adlı kitablar və “Göyün yeddinci qatı” sərgi kataloqu təqdim edilib”.
Sonra xəbərdə, “bundan əlavə, nəşrlər sırasında Azərbaycanın iki görkəmli rəssamı, heyrətamiz cütlük – Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgi kataloqu, Qərbi Azərbaycan xalçaçılıq sənətinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edən “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız”, o cümlədən Xalq rəssamı Kamil Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində muzeyin 3 dildə nəşri – Xalq rəssamının muzeyin kolleksiyasında qorunub saxlanılan eskizlərinin, onlar əsasında toxunan xalçaların fotoları, həmçinin bu dəyərli sənət əsərləri barədə məlumatların yer aldığı “Kamil Əliyev. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından” adlı kitab da var” deyə bildirilir.
Qeyd edək ki, Muzeyin nəşri olan bu kitablar qorunub saxlanılan xalça və dekorativ sənət nümunələri ilə tanışlıq imkanı yaradır, eyni zamanda xalça sənətinin öyrənilməsi işində önəmli nüsxələrdəndir.