Son yeniləmə: 5 Mart 2024 14:20
BAYRAQDAR MEDİA – Astanada Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “iclasdan əvvəl Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin arasında ikitərəfli görüş olub. İki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərində qarşılıqlı fəaliyyəti gücləndirmək üçünatılan addımlar, ixrac-idxal malları nomenklaturunun genişləndirilməsi, enerji, investisiya, nəqliyyat-logistika sahələri üzrə prioritet əhəmiyyətli layihələrin inkişafına dair fikir mübadiləsi aparılıb”.
Məlumatda deyilir: “Komissiyanın iclasında qardaşlıq və dostluğa əsaslanan yüksək səviyyəli Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni tarixi mərhələdə inkişafını təmin edən çoxşaxəli əməkdaşlıq gündəliyi, hədəflər, ticari-iqtisadi, enerji, nəqliyyat, logistika, sənaye, tikinti, kənd təsərrüfatı, səhiyyə, qida təhlükəsizliyi,kosmik fəaliyyət, rəqəmsallaşma, informasiya texnologiyaları, elm və təhsil, mədəniyyət, gənclər siyasəti, turizm, idman, ekologiya və ətraf mühit sahələrində görülən işlər və perspektivlər nəzərdən keçirilib”.
Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib və hərtərəfli xarakter alıb. Ticari-iqtisadi tərəfdaşlığın kompleks proqram və mühüm əhəmiyyətli sənədlərlə dəstəklənməsi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranziti, Orta Dəhlizin imkanlarından səmərəli istifadə etmək üçün ölkələrimizin səyləri, Xəzərin dibi ilə optik-lifli rabitə xətti çəkilməsi üzrə fəal iş, həmçinin Mərkəzi Asiyadan “yaşıl enerji”nin Azərbaycan vasitəsilə Avropaya ixracı üçün “yaşıl enerji” dəhlizinin yaradılması ilə bağlı əməkdaşlığımız göstərir ki, ölkələrimiz çoxistiqamətli əlaqələrimizi genişləndirmək əzmindədir. Bu xüsusda, Hökumətlərarası Komissiya çərçivəsində fəaliyyətimiz mühüm əhəmiyyət kəsb edir”.
Komissiyanın həmsədri, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev isə çıxışında bunları deyib: “Dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” ikitərəfli münasibətlərin inkişafına xüsusi töhfə verir. 2023-cü ildə Qazaxıstanla Azərbaycan arasında yükdaşımaların həcmi 1,5 dəfə artaraq 4,3 milyon ton təşkil edib. Orta Dəhliz üzrə həcm 65% artaraq 2,8 milyon tona çatıb. Prezident Kasım-Jomart Tokayevin martın 11-12-də Azərbaycana rəsmi səfəri ərəfəsində keçirilən bugünkü görüşün əhəmiyyətini bir daha qeyd etmək istərdim”.
Sonda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 21-ci iclasının gələn il Bakıda keçirilməsi razılaşdırılıb.