Press "Enter" to skip to content

Həssas qruplardan olanlara hüquqi konsultasiya xidməti

Aksiya zamanı

Son yeniləmə: 5 Mart 2024 11:58

BAYRAQDAR MEDİA – Tərtər rayonunda həssas qruplardan olan vətəndaşlara hüquqi konsultasiya xidməti göstərilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, hüquqi konstitusiya xidməti Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinə məxsus “Həssas qrupdan olan region sakinlərinin hüquqi müdafiəsi və onların məşğulluğuna dəstək” təşəbbüsü çərçivəsində reallaşıb. Bu təşəbbüs Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Vahidoğlu konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilir.

Məlumata əsasən, Tərtər rayonunda keçirilən səyyar görüşdə əvvəlcə iştirakçılara təşəbbüsün məqsədi, həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlə bağlı məlumat verilib: “Daha sonra vətəndaşlar ümumi və fərdi şəkildə qəbul edilib onların sualları cavablandırılıb. Müraciətlər daha çox I Qarabağ müharibəsində iştirakla bağlı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməməsi, Müharibə veteranlarına verilən sosial müavinətin “Müharibə veteranı” adı verildikdən əvvəlki 3 il üzrə ödənilməməsi, mənzil növbəsinə götürülmə, işlə təminat, işə bərpa, özünüməşğulluq proqramına müraciət, müharibə veteranlarına qanunvericilik çərçivəsində edilən güzəştlərlə bağlı olub. Ümumilikdə, 17 nəfərə hüquqi konsultasiya xidməti göstərilib. Onlardan 4 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Qalan 13 nəfərin müraciətləri isə qeydiyyata alınıb və müvafiq sənədlər götürülüb. Həmin vətəndaşların da müraciətləri üzrə sənədlər hazırlanaraq qarşıdakı günlərdə imzalanması üçün vətəndaşlara çatdırılacaq”.

O da qeyd edilib ki, təşəbbüs çərçivəsində Tərtərlə yanaşı Ağdam, Ağcabədi, Bərdə, Goranboy və Yevlax rayonlarında aztəminatlı şəxslərə hüquqi konsultasiya xidməti göstəriləcək: “Bundan əlavə, bütün ölkə ərazisindən onlayn müraciət edən aztəminatlı şəxslər “qaynar xətt” xidməti, “Facebook”, “Instagram” və “WhatsApp” vasitəsilə də pulsuz hüquqi konsultasiya xidməti ala biləcəklər. Təşəbbüs çərçivəsində, həmçinin onlayn media resursları və yuxarıda qeyd edilən sosial media səhifələri vasitəsilə hüquqi maarifləndirmə xarakterli məlumatlar paylaşılacaq. Təşəbbüsün icra müddətində hədəf qrupu tərəfindən ən çox müraciət edilən hüquqi problemlərin həlli ilə bağlı hüquqşünasın izahatı olan 10 video çəkilərək təşkilatın “Youtube” səhifəsi vasitəsi ilə paylaşılacaq. Artıq həmin verilişlərdən 5-i çəkilib və “Pulsuz Hüquqi Yardım” adlı “Youtube” səhifəsində izləyə bilərsiniz. Təşəbbüsün sonuncu mərhələsində Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarından olan həssas qrupların nümayəndələri sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin qurulması və idarə olunmasına dair təlimə cəlb olunacaqlar. İşsiz və işaxtaran şəxslər üçün təşkil ediləcək özünüməşğulluq və biznes fəaliyyətlərinin qurulmasına dair təlim zamanı iştirakçılara sahibkarlıq subyekti kimi onlayn qeydiyyat, kredit alınması üçün onlayn müraciət və biznes-plan hazırlanması bacarıqları öyrədiləcək. Həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə biznes-plan hazırlanmasında kömək ediləcək”.

Mission News Theme by Compete Themes.