Son yeniləmə: 5 Mart 2024 19:06
Yaxud Qənirənin yarım qalmış arzularını çin edən ARZU
BAYRAQDAR MEDİA – Bütün şüurlu ömrü boyu xeyirxah işlər həyata keçirən, hər zaman xeyirxahlığı həyat amalı hesab edən insanlar cəmiyyətdə sayılıb, seçilir, müsbət mənada fərqlənirlər. Lakin təəssüflər olsun ki, belə mələkqəlbi insanlar başqa bir məqama görə də digərlərindən fərqlənirlər.
Ölümündən sonra da dostları bir araya gətirənlər
Söhbət belə xeyirxah insanların həyatdan əksərən tez getməsindən gedir. Bizə təsəlli qalan isə onların heç zaman unudulmaması, daim xatırlanmasıdır. Necə deyərlər, cəmiyyət üçün unudulmaz, dostlar üçün əbədi qalmasıdır.
Belə insanlar həm də birləşdirici kimi, əbədi və etibarlı körpü kimi daim fərqlənirlər. Özü də təkcə sağ olanda deyil, dünyasını dəyişəndən sonra da. Mərhum millət vəkili, dəyərli dostumuz Qənirə Paşayeva kimi. Mən martın 4-də keçirilən “Sənət unutmur…” adlı tədbirdən sonra bir daha bu qənaətə gəldim.
Etibarlı yol yoldaşları
Çünki həmin tədbir, əvvəla, cəmiyyətə Qənirə xanımın yarım qalmış arzularının çin olduğu və bundan sonra da olacağı mesajını verdi.
İkincisi, bəlli oldu ki, Qənirə xanım, dost, silahdaş, yol yoldaşı seçəndə heç də yanılmayıb. Biz bunu bir zamanlar məhz Qənirə xanmın xeyir-duası ilə qurulan “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin, bu birliyin dəyərli rəhbəri Arzu Bağırovanın timsalında gördük. Çünki sözügedən tədbir həm də bir əhdə vəfa idi. Arzu xanım və onun komandasının “Qənirə Paşayevanın bir zamanlar etmək istədiyi, lakin edə bilmədiyi işləri biz edəcəyik, onun arzularının çin olması üçün hər zaman lazım olan bütün fədakarlıqları göstərəcəyik” mesajı kimi qəbul edilməlidir.
Bu tədbir həm də Qənirə xanımın bir vaxtlar “Can dostları” deyib, bir çatı altında topladığı insanların cismən də, ruhən də onun yanında olduqlarını sərgilədi.
Bu tədbir həm mili məfkurə, həm türk dünyası ziyaılılarına baxış, həm də digər taleyüklü məsələlərdə Qənirə xanımın yanında olan, onunla birgə addımlayan Əkbər Qoşalı kimi halal, türkçü ziyalıların, həmçinin dostluğa dəyər verən millət vəkillərinin bu gün də Qənirə Paşayeva ilə birgə olduqlarını sübut etdi.
Nəhayət, bu tədbirdə bizlər- Qənirə xanımın sadiq və dəyişməz qələn dostları, söz sirdaşaları da birlikdə idik.
Bir sözlə, Qənirə Paşayevanın sağlığında olduğu kimi, onsuz keçirilən ilk tədbirdə də bütün SADİQ DOSTları bri arada idi.
Arzuların çin olması üçün
Mən yuxarıda qeyd etdim ki, Qənirə xanım, dost, silahdaş, yol yoldaşı seçəndə heç də yanılmayıb və buna ilk misal olaraq Arzu Bağırovanın adını çəkdim. İndi isə demək istəyirm ki, bu xanıma və onun komandasına ürəkdən bir “Əhsən” düşür. Çünki tədbirdə bütün incəlikləri, ən xırda detallar belə nəzərə alınmışdı. O dərəcədə ki, oturub “Qənirə xanım sağ olsaydı, bunu belə etməzdi” deməyə bəhanə tapa bilmədik. Çünki tədbir sanki “Qənirə xanım sağdır və aramızdadır” inancı üzərində qurulmuşdu.
Elə biz də Qənirənin sevgidolu, işıqlı ruhunu hər an hiss edir, onun insansevər baxışlarını görürdük. Bu burədə sonda bir daha xatırlatma edəcəm.
Hələlik isə qayıdaq ona ki, Arzu Bağırova və komandası hər şeyi zərgər dəqiqliyi ilə düşünüb, hazırlamışdılar. Elə hazırladıqları kimi də həyata keçirdilər. Şəhid və qazi ailələri ön sırada idi. Dəyərli millət vəkilləri, ziyalılar, qayğıya ehtiyacı olan mədəniyyət nümayəndələri və s. Hər şey Qənirə xanımın sağlığında keçirilən tədbirlərdə olduğu kimi idi. Hətta göstərilən videosüjetlərdə, səslənən mahnılarda da onun ruhu hiss edilirdi.
Himn oxunanda da yanımızda idi
İndi isə məhz bu əhval-ruhiyyə, bu ovqatlı ayrıldığımız tədbirin protokol hissəsi barədə məlumat vermək yerinə düşər.
Öncə onu deyək ki, tədbirdə qeyri-ənənəvi tətbiqi sənət növü – “Strinq art” ustası Minarə Mehdinin Qənirə Paşayevanın istəyi ilə yaratdığı, Şuşa doğumlu görkəmli sənət xadimlərinin surəti və digər əsərləri nümayiş olundu. Yəni, bu məqamın özü də təşkilatçıların məsələyə necə candan, məsuliyyətli yanaşdığının təsdiqi idi.
Yeri gəlmişkən, sonda A.Bağırova qeyd etdi ki, sərgidən sonra alınan əsərlər Qarabağdakı muzeylərə hədiyyə olunacaq. Bu da Qənirə xanımın bir vaxtlar etdiyi arzu idi ki, indi dəyərli dostları onu reallaşdıracaqlar.
Beləliklə, “Hilton” hotelinin “Sevda” zalında keçirilən “Sənət unutmur…” adlı tədbir şəhidlərin xatirəsinə sayğı duruşu və Dövlət himninin səsləndirilməsi ilə başladı. Salondakılar himnimizi oxudular. Bu zaman mənə elə gəldi ki, o da yanımızda durub və hər zaman olduğu kimi içdən, sevə-sevə himnimizi oxuyur.
Arzu Bağırova: Əziz bacımız Qənirə xanım, səni unutmamışıq
Giriş sözü söyləyən Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı tədbirin bu komitənin mənəvi dəstəyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi və “Gözəl Yaşam Mərkəzi”nin təşkilatçılığı ilə keçirildiyini bildirdi. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətinə dair video-çarx nümayiş olunduqdan və Qənirə xanımın öz ifasında şeiri səsləndirildikdən sonra təşkilatçı qurumlar adından Arzu Bağırovaya söz verildi.
A.Bağırova öncə son 5 ildə hər il bu vaxtlar Qənirə xanımın təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ilə bağlı şəhid ailələrinə mənsub xanımlarla görüş keçirildiyini xatırlatdı. O, qeyd etdi ki, rəhbərlik etdiyi İB-nin yaranması da 6 il öncənin bu günlərinə təsadüf edir: “Bizim İctimai Birliyimizin necə adlandırılması, məqsəd-vəzifələrinin müəyyənləşdirilməsi baxımından da Qənirə xanımın məsləhətləri önəmli rol oynayıb. Biz əziz Qənirə xanımla birlikdə çoxsaylı layihələr, xeyriyyə aksiyaları keçirmişik. Tədbirlərimizin böyük əksəriyəti şəhidlərimiz, qazilərimiz, gənc qızlarımız, ümumən gənclərimizlə, təhsillə, ədəbiyyatla, mədəniyyət-sənətlə, habelə türk dünyası ilə bağlı olub”.
Çıxışına davam edən A.Bağırova “Qənirə xanımın kitablarından biri “Məndən sonra” adlanır. Bir neçə gün öncə vəfalı dostumuz, rəssam Elşən Karaca və rəssam həmkarları Müasir İncəsənət Mərkəzində bu adda sərgi təşkil etmişdi. Biz də “Sənət unutmur…” adını təsadüfən seçməmişik və demək istəyirik ki, “əziz bacımız Qənirə xanım, səni unutmamışıq! Təşəbbüskarı olduğun layihələr, işlər, səndən sonra da davam edir” dedi.
O da vurğulandı ki, tədbir iştirkaçıları İB-nin ötən illərdəki fəaliyyətinə dair nəşrlərlə tanış olacaq, həmçinin Minarə Mehdinin örnək əsərlərinə tamaşa edəcəklər: “Minarə xanımın ağ-qara simlər və kiçikölçülü mismarlarla qeyri-ənənəvi üsulla yaratdığı bu qeyri-adi əsərlərin könlünüzü-gözünüzü oxşayacağına ümid edirik. Rəhmətlik Qənirə xanım bu əsərlərin Şuşada və işğaldan azad olunmuş digər şəhərlərimizdəki muzeylərə, mədəniyyət müəssisələrinə bağışlanmasını düşünürdü. Biz, ortaq dostlarımızla birgə onun arzusunu həyata keçirməyə çalışırıq. Fürsətdən istifadə edərək, Minarə xanıma, bu tədbirin təşkilinə mənəvi dəstək göstərən bütün könül dostlarına, buraya təşrif buyurduğunuza görə sizlərin hər birinizə təşəkkür edirik. Yaxşı ki, varsınız! Çox sağ olun”.
Xatirələr dilə gəlir
Sonra qonaqların çıxışları başlandı. Millət vəkilləri – Anar İsgəndərov, Aydın Hüseynov, Tamam Cəfərova , Jalə Əliyeva, Arzu Nağıyev, Məşhur Məmmədov, İlham Məmmədov, Pərvin Kərimzadə, Vüqar İsgəndərov Qənirə xanım haqqında xatirələrini bölüşüb, İB-yə bundan sonraki fəaliyyətində də uğurlar arzuladılar.
Daha sonra Xalq rəssamı Arif Hüseynov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və qəhrəman şəhidlərin ailə üzvləri cıxış edərək, Q.Paşayevanın xeyirxah əməllərini bir daha yada saldılar.
Tədbirin bədii bölümündə isə Xalq artisti Simarə İmanova və gənc sənətçi Ceyhun Həsrət və görmə imkanları məhdud istedadlı gənc Ramal Əzimzadə çıxış edərək, bu gözəl axşama əlavə rəng qatdılar.
O isti, sevgi dolu baxışlar
Yuxarda qeyd etdiyimiz kimi tədbir sanki “Qənirə xanım sağdır və aramızdadır” inancı üzərində qurulmuşdu. Elə biz də Qənirənin sevgidolu, işıqlı ruhunu hər an hiss edir, onun insansevər baxışlarını görürdük. Hesab edirəm ki, bu məqam da A.Bağırova və komandası tərəfindən öncədən xüsusi həssaslıqla nəzərə alınmışdı.
Çünki Minarə Mehdi tərəfindən işlənmiş Qənirə Paşayevanın portreti zalın baş tərəfində özü də tən ortada qoyulmuşdu. O portret ki, oradan bizə sanki Qənirə xanım özü canlı baxırdı. İsti, sevgi dolu və xeyixah baxışlar zalda olan hər kəsə dikilmişdi. Və sanki bir sevinc hissi ilə “əziz dostlarım var olun ki, yenə bir yerdəsiniz” deyirdi.