Son yeniləmə: 4 Mart 2024 22:57
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, fevralın 28-də Azərbaycan hərbçisi Ruslan Eldəniz oğlu Pənahov çətin hava şəraiti üzündən azaraq Ermənistan tərəfə keçmiş və ermənilər tərəfindən saxlanılmışdı.
Daha sonra Ermənistan tərəfi Azərbaycanlı hərbçiyə bir neçə maddə ilə cinayət işi açmışdı.
Martın 4-də Ermənistan mediası xəbər yayıb ki, istintaq Azərbaycanlı əsgərlə bağlı araşdırmalar nəticəsində bu qərara gəlib ki, o, həqiqətən də azaraq Ermənistan tərəfə keçib və hər hansı cinayət niyyəti olmayıb.
Bunu nəzərə alaraq istintaq materialları prokurorluğa göndərilib, Azərbaycanlı hərbçinin qanun pozuntusuna yol vermədiyi nəzərə alaraq barəsindəki cinayət işinin dayandırılması istənilib.
Prokurorluq istintaqın istəyini nəzərə alaraq Azərbaycan hərbçisi ilə bağlı cinayət işinə xitam verib.
Ermənistan tərəfi hərbçini Azərbaycana təhvil verəcək.