Hulusi Kılıç: Bu dəvət KKTC-nin müstəqilliyinə, bu dövlətin varlığının davam etməsinə beynəlxalq arenada göstərilən bir dəstək kimi dəyərləndirilməlidir
BAYRAQDAR MEDİA – “Bildiyimiz kimi cənab Prezident İlham Əliyev 2024-cü ilin iyul ayanda Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi sammitinə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatarı da dəvət edib. Öncəliklə bu dəyərli, olduqca önəmli və strateji dəvətinə görə cənab Prezident İlham Əliyevə minnətdarlıq etmək istəyirəm. Eyni zamanda bəyan edirəm ki bu dəvət başda Türkiyə və KKTC olmaqla bütün türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
O, qeyd edib ki, bu dəvət bir tərəfdən cənab İlham Əliyevin türk birliyinə verdiyi önəmi və göstərdiyi diqqəti növbəti dəfə təsdiqləyir: “Digər tərəfdən bu dəvət KKTC-nin müstəqilliyinə, bu dövlətin varlığının davam etməsinə beynəlxalq arenada göstərilən bir dəstək kimi dəyərləndirilməlidir. Yəni cənab Prezident İlham Əliyev bu dəvətilə KKTC-nin bir dövlət kimi dünya birliyi tərəfindən tanınması üçün də olduqca strateji bir addım atmışdır”.
H.Kılıç onu da vurğulayıb ki, KKTC türk dünyası üçün xüsusi önəm kəsb edir: “KKTC türk dünyasının Doğu Akdenizə açılan qapısıdır. Ona görə də KKTC-nin bayrağının o coğrafiyada daim qüdrətli şəkildə dalğalanması üçün hər birimiz çalışmalıyıq. Bu baxımdan da cənab İlham Əliyevin dəvətinin önəmi böyükdür. Təbii ki, Azərbaycan Prezidentinin bu addımı Kıbrısın rum kəsimində və rum kəsiminin Batıdakı dostlarında narahatlıq yaradacaq. Onlar da Azərbaycana hansısa təsir, yaxud təzyiq etməyə cəhd göstərəcəklər. Amma əbəs yerə. Çünki cənab İlham Əliyev özünün də bəyan etdiyi kimi nəyi necə və nə zaman etməyi bilən bir liderdir. Cənab İlham Əlliyev həm də öz qətiyyəti, vediyi qərarların arxasında sona qədər dayanması ilə də fərqlənən bir liderdir. Bu baxımdan onun KKTC ilə bağlı verdiyi qərarın da dəyişməz olduğunu bütün dünya bilməlidir”.
Keçmiş səfir vurğulayıb ki, dəvətin Şuşada keçirilən tədbirə olması isə bir başqa məna və dəyər kəsb edir: “Şuşa uzun illər Ermənistanın işğalı altında olsa da, Batı uzun illər bu işğala göz yumsa da müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan ordusunun rəşadəti sayəsində artıq azaddır. Və bu azad Şuşada keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammitinə KKTC Cümhurbaşqanının dəvəti həm də dünyaya “bəsdir KKTC-yə qarşı, Kıbrıs türk xalqına qarşı əsassız və haqsız davrandınız. KKTC-nin dövlət olma haqqını tanıyın, KKTC-yə qarşı embarqolara son qoyun! Siz tanımazasanız belə, dünyada tezliklə qlobal güc olacaq TDT KKTC-nin bir dövlət kimi tanıyıb, onu öz sıralarına tamhüquqlu üzv kimi qəbul edəcək” mesajıdır. Əminəm ki, dünya bu mesajı düzgün anlaya biləcək”.