Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov: “Sağlam qidalanma insanın normal inkişafı və xəstəliklərin qarşısının alınmasına kömək edən faktordur”
BAYRAQDAR MEDİA – Martın 4-ü Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bununla bağlı fikirlərini bölüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “E.Məmmədov öncə beynəlxalq günün mahiyyəti haqqında danışıb. Bildirib ki, ilk dəfə Piylənmə ilə mübarizə Günü 2010-cu ilin may ayında Avropada Piylənmə ilə Mübarizə Günü kimi keçirilib, sonradan bu Gün qlobal əhəmiyyət kəsb edib və 2020-ci ildən başlayaraq hər il martın 4-də Ümumdünya Piylənmə Günü kimi qeyd olunub. E.Məmmədov deyib ki, bu günün qeyd olunmasında məqsəd artıq çəki və piylənmə ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, bilik və bacarıqları inkişaf etdirməkdir”.
Sonra xəbərdə, “piylənmənin fəsadları haqqında danışan mütəxəssis burada genetikanın piylənmənin əsas faktorlarından biri olduğunu deyib. E.Məmmədova yuxu pozuntusunun da piylənməyə səbəb olduğunu bildirib. O qeyd edib ki, insanlar nə qədər az yatsa, onların artıq çəki və ya piylənmə ehtimalı bir o qədər yüksək olur. Həmçinin, qastroenteroloq stress və depressiya zamanı da bəzi insanların daha çox nəzarətsiz qida qəbuluna meylli olduqlarını vurğulayıb” deyə bildirilib.
Qastroenteroloq sağlam qidalanma və artıq çəki ilə bağlı tövsiyələr də verib: “Antik mütəfəkkir Sokratın məşhur bir deyimi var: yemək üçün yaşamaq deyil, yaşamaq üçün yemək lazımdır. Vətəndaşlar arasında yüksək şəkərli un məhsullarına daha az meyli təbliğ etmək lazımdır. Şəkər bəlkə də insan orqanizmi üçün ən arzuolunmaz məhsuldur. Ona görə də təbii, emala məruz qalmayan qidalara üstünlük verilməsi tövsiyə olunur”. O həmçinin vurğulayıb ki, bu zaman düzgün yuxu rejiminə riayət etmək də çox vacibdir.