Son yeniləmə: 1 Mart 2024 12:49
BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2024-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” çərçivəsində ilk investisiya təşviqi sənədi bərpa olunan enerji istehsalı sahəsi üzrə “Acva Pover Azərbaycan Renevable Energy” MMC-yə verilib”.
Bu barədə KOBİA-dan BAYRAQDAR MEDİA-ya martın 1-də verilən məlumatda bildirilib.
Qeyd edilib ki, şirkətin investisiya təşviqi sənədi verilmiş “240 MW/s gücündə bərpa olunan elektrik enerjisinin (külək enerjisi) istehsalı” layihəsi Xızı və Abşeron rayonlarını əhatə edir: “Layihənin reallaşması nəticəsində ölkə iqtisadiyyatına təqribən 417 milyon manat investisiya yatırılacağı, 45 yeni iş yerinin açılacağı nəzərdə tutulur”.
Məlumatda deyilir ki, İnvestisiya təşviqi sənədi “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyana “Bakı KOB evi”ndə təqdim edilib: “Qeyd edilib ki, Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişafına xüsusi diqqət yetirilir və bu baxımdan bərpa olunan enerji layihələri əhəmiyyətlidir. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un bu il ölkəmizdə keçirilməsi Azərbaycanın “yaşıl iqtisadiyyat”ın inkişafına verdiyi önəmin göstəricisidir. “Yaşıl iqtisadiyyat” və “yaşıl innovasiya” KOB-ların məhsuldarlığının artırılmasında, əməliyyat xərclərinin azalmasında və rəqabət qabiliyyətinin artırılmasında önəmlidir. “ACWA Power” şirkətinin nümayəndələri həmçinin “Bakı KOB evi”ndə startaplar üçün yaradılmış şəraitlə tanış olublar”.