BAYRAQDAR MEDİA – AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən beşgünlük təlim yekunlaşıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kitabxanadan daxil olub.
Xəbərdə deyilir ki, “yekun yığıncaqda MEK-in direktoru, Prof. Məmməd Əliyev kitabxana-informasiya sahəsində biliklərin təkmilləşdirilməsi, virtual məkana inteqrasiya, kitabxanaçıların peşəkar fəaliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərə bir sıra elmi-tədqiqat institutlarının kitabxanaçılarının qatıldıqlarını vurğulayıb. Təlimlərin keçirilməsinin əhəmiyyətindən danışan direktor bu təcrübənin gələcəkdə də davam etməsinin zəruriliyini qeyd edib”.
Sonra xəbərdə, “MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova çıxışında tədris prosesi zamanı sənəd-informasiya fondlarının formalaşması, mühafizəsi, materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsi, kitabxanaların qarşısında duran yeni vəzifələr, saxlanılan informasiya vasitələrinin mübadiləsi, elmmetrik tədqiqatların kitabxana işi ilə əlaqəsi, elmi istinad bazaları-WEB of Science, Elsevier, Scopus və bu kimi digər mövzuların daha dərindən mənimsənildiyini vurğulayıb”.
Təlim iştirakçıları maraqlı və faydalı təcrübə mübadiləsinə görə təşəkkür ediblər. Sonda sertifikatlar təqdim olunub.