Son yeniləmə: 1 Mart 2024 12:10
Ekspertlər hesab edirlər ki, Şuşada ilk konsulluq məhz Türkiyə tərəfindən açılmalıdır
BAYRAQDAR MEDİA – Ötən ayın ortalarında TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Rusiya Azərbaycanda konsulluq fəaliyyətini genişləndirməyə çalışır. “MDB ölkələrində diplomatların işinin spesifikliyi, ilk növbədə, bu ölkələrin çoxəsrlik ümumi tarixi, bir-birimizin adət-ənənələrini dərindən anlaması, ortaq mədəniyyətinin olması və rus dilidir”, – deyə Rusiya XİN rəhbərinin müavini qeyd edib.
Bu açıqlama, eyni zamanda, bir məqamın yenidən xatırladılmasına təkan verib. 44 günlük Vətən müharibəsindən sonra qardaş Türkiyənin Şuşada konsulluq açacağına dair məlumatlar yayılmışdı. Lakin bu günə kimi həmin məsələ reallaşmayıb. Bəs, bu arada Mixail Qaluzinin “Rusiya Azərbaycanda konsulluq fəaliyyətini genişləndirməyə çalışır” sözləri həm də quzey qonşumuzun Qarabağda, konkret olaraq Şuşada konsulluq açmaq istəyinə işarə ola bilərmi? Yəni Türkiyənin geçikməsi Rusiyanı konsuluq məsələsində önə çıxara bilərmi?
Dr. Yücel Karauz: Şuşada Türk Dövlətləri Təşkilatının nümayəndəliyi də açılmalıdır
Həmin sualla müraciət etdiyimiz ekspertlərin ümumi fikri bu oldu ki, Türkiyə konsulluq məsələsində qərarlıdır.
Məsələn BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel deyib ki, bu gün regionda xoş məram nümayiş etdirən və gerçəkdən də mövcud reallığı qəbul edən ölkələr, o cümlədən Rusiya sona qədər bu mövqeni sərgiləməlidir: “Düzdür, hər bir ölkənin, yəni 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı davasına normal yanaşan, normal münasibət sərgiləyən və Ermənistanın işğalçılıq siyasətini dəstəkləməyən ölkələrin işğaldan azad edilmiş şəhərlərdən birində konsulluq açmaq arzusuna düşməsi normal və başadüşüləndir. Ancaq bu zaman mövcud rellıqlar kontekstindən hərəkət etməlidirlər. Bu mövcud reallıqlar da ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan torpağı, türk yurdudur”.
Dr. Y.Karauz onu da əlavə edib ki, Şuşada ilk konsulluq məhz Türkiyə tərəfindən açılmalıdır: “Bunu “bir millət iki dövlət” fəlsəfəsinin ruhu, Şuşa Bəyannaməsinin ruhu və dünya durduqca yaşayacaq Türkiyə-Azərbaycan qardaşlığının ruhu tələb edir. Eyni zamanda hesab edirəm ki, Şuşada Türk Dövlətləri Təşkilatının nümayəndəliyi də açılmalıdır. Düşünürəm ki, yayda Şuşada keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammiti zamanı bu nümayəndəliyini açılması türk dünyası tarixində yeni səhifə aça bilər”.
Telman Nüsrətoğlu: Türkiyənin Şuşada konsulluğun açılması ilə bağlı daha əvvəldən bəyan etdiyi bir iradə var
Tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu isə BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib ki, Türkiyənin Şuşada konsulluğun açılması ilə bağlı daha əvvəldən bəyan etdiyi bir iradə var: “Yəni ortaya rəsmi iradə qoyulub. Sadəcə zamanla ilə bağlı bəlli prosedurlardan sonra konkret qərar qəbul ediləcək. Buna kimsə şübhə etməsin”.
T.Nüsrətoğlu deyib ki, zamanla deyəndə, həm hazırda işğaldan azad edilmiş rayonlarda, o cümlədən Şuşada inşaat və yenidənqurma fəaliyyətlərinin davam etməsini, həm də ölkədə yerli idarəçiliklə, inzibati idarəçiliklə bağlı islahatların olacağına dair yayılan bəzi məlumatları nəzərdə tutur: “Hesab edirəm ki, bu məsələlər tədricən öz həllini tapacaq və bununla yanaşı konsulluğun açılaması da reallaşacaq. Ola bilsin ki, bu konsulluğu Şuşada deyil, Qarabağın digər şəhərində açmaq daha məqsədəuyğun olsun. Çünki iqtisadi rayonun mərkəzi hara olacaqsa konsulluğun da orada açılması daha effektiv və məqsədəuyğun olardı”.
Mixail Qaluzinin açıqlamasına gəlincə, T.Nüsrətoğlu hesab edir ki, burada narahatlığa əsas yoxdur: “O baxımdan ki, Rusiya regionda həm Azərbaycan, həm də Türkiyə ilə normal münasibətlər qurub və bunu davam etdirməkdə maraqlıdır. Cənab Prezident İlham Əliyevin fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirdiyi kimi, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir”.
T.Nüsrətoğlu əlavə edib ki, “indi hamı, o cümlədən Rusiya da yaxşı bilir ki, Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi reallığı var. Bu Bəyannamə regionda, xüsusilə də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsində sabitliyin, təhlükəsizliyin və gələcək inkişafın qarantıdır”.