BAYRAQDAR MEDİA – Martın 1-də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (ETTOİ) və Azərbaycan Ortopediya Cəmiyyəti tərəfindən “Artroplastika və artroskopiya kursu: çiyin və diz nahiyyəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “konfransda səhiyyə nazirinin müavini İlqar Qasımov, ETTOİ-nin baş həkimi Kamil Eyvazov, Türkiyənin Azərbaycandakı səfirliyinin, TİKA Bakı Koordinatorluğunun, Azərbaycanın ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Türkiyənin bu sahə üzrə tanınmış alim həkimləri, o cümlədən professorlar Vedat Şahin, Muhammet Baybars Ataoğlu və Ulunay Kanatlı, dosentlər Baran Sarıkaya, Mustafa Özer, Mehmet Ali Tokgöz, İnsi Hazal Ayas və digərləri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd travmatologiya və ortopediya sahəsindəki nailiyyətlərin və imkanlarının qarşılıqlı dəyərləndirilməsi, müzakirə olunan mövzular ətrafında səmərəli fikir mübadiləsinin aparılmasıdır. Eyni zamanda, ETTOİ fəaliyyətinin optimallaşdırılması, Azərbaycanın bu sahənin mütəxəssisləri üçün uğurlu təcrübə mübadilələrinin aparılması, innovativ praktikaların tətbiqi imkanlarının nəzərdən keçirilməsi və gələcəkdə xarici ölkələrə, xüsusən də Türkiyədə yerləşən bir çox tibb müəssisələri və universitetlər arasında ortaq fəaliyyətə şərait yaratmaqdır. Tədbirin mühüm istiqamətlərindən biri də qarşılıqlı əməkdaşlıq, ortaq çalışmaların aparılmasıdır. Bu məqsədlə gələcəkdə Azərbaycan travmatoloq və ortopedləri tərəfindən mühüm elmi-tədqiqatların həyata keçirilməsi üçün şərait yaranacaq və təkliflər veriləcək”.
Daha sonra xəbərdə deyilir ki, “giriş sözü ilə çıxış edən İ.Qasımov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və konfransda müzakirə olunan mövzunun aktuallığını vurğulayıb. Onun sözlərinə görə, milli səhiyyənin qarşısında bir sıra mühüm vəzifələr qoyulub. 200-ə yaxın həkimin iştirakı ilə keçirilən elmi-praktik konfransda tibbdə yeni istiqamət, travmatologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib”.
Konfrans panel sessiyalarla davam edib. Sessiyalarla Azərbaycan və Türkiyə ekspertləri “Diz oynağının artroplastikası”, “Meniskin cərrahi bərpa texnikaları”, “Çiyin oynağının artroskopiyası” və digər mövzularda təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, verilən suallar cavablandırılıb.