Press "Enter" to skip to content

“2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə 1 mart 2024-cü il tarixindən sənəd qəbuluna başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “sənəd qəbulu üçün son tarix 15 iyun 2024-cü il saat 23:59 müəyyən edilib. Dövlət Proqramı çərçivəsində 2024–2025-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 13 noyabr 2023-cü il tarixində ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir”.

Sonra xəbərdə, “namizədlər həmçinin müvafiq reytinq cədvəllərində universitetlər üzrə ilk 10-luqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul sənədləri əsasında müsabiqədə iştirak edə bilərlər. Bununla yanaşı, bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları ilə bağlı namizədlərin müraciətləri qəbul ediləcək” deyə bildirilir.

Qeyd edək ki, 2024–2025-ci tədris ili üzrə qəbul nəticələrindən asılı olaraq, iyul ayında ikinci sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.

Proqrama qəbulla bağlı müvafiq elan mətni ilə keçiddə tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.