Press "Enter" to skip to content

“Azərbaycana sevgim və diqqətim kimsəyə sirr deyil”

Melih Aydın

Son yeniləmə: 29 Fevral 2024 10:08

Melih Aydın: Bizim Eskişehir Azərbaycanlılar Dərnəyi ilə uzunmüddətli və çox dəyərli əlaqələrimiz var

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, qardaş Türkiyə daha bir mühüm siyasi proses ərəfəsindədir. Martın 31-də burada yerli seçkilər keçiriləcək. Artıq bir müddətdir ki, partiya və seçki birliklərinin bələdiyyə sədrliyinə namizədləri seçkiqabağı təbliğata başlayıblar. Bu proses xüsusilə mühüm və strateji önəm daşıyan şəhərlərdə daha da diqqəti cəlb edir. “Cumhur İttifakı” bu vaxta kimi müxalifətin, əsas da CHP-nin nəzarətində olan şəhərlərdə qalib gəlmək iddiasını ortaya qoyub. Belə gərgin mübarizənin getdiyi şəhərlərdən biri də Eskişehirdir.

Çünki bu şəhər 15 ildir CHP-nin nəzarətindədir. Partiya bu şəhərə nəzarəti əlində saxlamaq, “Cumhur İttifakı” isə öz əlinə almaq üçün çalışır. Eyni zamanda, bu prosesdə digər partiyalar da öz iddialarını ortaya qoyublar. Onlardan biri də İYİ Partidir.

Həm siyasətçi, həm də uğurlu iş adamı

İYİ Partinin Eskişehir Böyükşəhər Bələdiyyəsi başqanlığına namizədi Melih Aydındır. “Aşkımız Eskişehir” şüarı ilə seçkiqabağı təbliğat aparan M.Aydın şəhərin bütün kəsimlərinin diqqətini cəlb edən bir çox vədlərlə çıxış edir.

Azərbaycana xüsusi rəğbəti ilə də fərqlənən M.Aydın fevralın 16-da Eskişehr Azərbaycanlılar Dərnəyini ziyarət edib. Elə ondan BAYRAQDAR MEDİA üçün xüsusi müsahibə almaq ideyası da bu ziyarətdən sonra yarandı. Müsahibənin alınmasında göstərdiyi dəstəyə görə Eskişehr Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydına və Melih Aydının danışmanı Duyğu Çakıcıya təşəkkür edirik.

Eskişehirdə Qarabağ Azərbaycan Parkı salınacaq

Suallara keçməzdən öncə onu da bildirək ki, Melih Aydın siyasətçi olmaqla yanaşı həm də uğurlu iş adamıdır. 1987-ci ildə Eskişehirdə anadan olan Melih Aydın gənc yaşlarından bizneslə məşğul olub. Onun ailəsi altmış ilə yaxındır ki, əyləncə parkı sənayesində fəaliyyət göstərir. M.Aydın, 2010-cu ildə ailə şirkətindən ayrılaraq öz brendini qurmaq üçün radikal bir qərar verib. Onun şirkətinin Türkiyədəki müxtəlif ticarət mərkəzləri daxilində əyləncə mərkəzləri, həmçinin açıq havada əyləncə parkları fəaliyyət göstərir. Bu şirkət əyləncə parkı maşınları istehsal edir. Eskişehir Mütəşəkkil Sənaye Bölgəsində yerləşən fabrikində istehsal fəaliyyətini davam etdirir. Melih Aydının Azərbaycanda da sərmayəsi var. O, Bakıdakı Dənizkənar Milli Parkda uşaq əyləncə mərkəzinin ortaq idarəçiliyi ilə məşğuldur. Onun şirkəti tərəfindən, həmçinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında, xüsuilə Laçında uşaq əyləncə mərkəzi inşa edilir.

Beləliklə, Melih Aydının BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini təqdim edirik:

Söhbət xaricdən bir, daxildən başqa cür görünən Eskişehir imicindən gedir

-Melih bəy, ilk olaraq bu müsahibəyə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirik. İlk sualımız isə budur ki, 100 illik Türkiyə Cümhuriyyəti bu dəfə yerli seçkilərə xüsusi bir şəkildə gedir. Ümumiyyətlə, bu seçkiləri necə qiymətləndirirsiniz?

-İlk öncə mənə müsahibə imkanı verdiyiniz üçün təşəkkür edirəm. Sizin vasitənizlə bir daha Cümhuriyyətimizin 100 illiyini təbrik edirəm. Konkret olaraq sualınıza gəlincə, deyim ki, bu seçkidə Eskişehirin uğursuz taleyini dəyişməyə gəlirik.

Seçicilərlə görüşdən
Seçicilərlə görüşdən

İllərdir formalaşdırılan bir Eskişehir imici var. Söhbət xaricdən bir, daxildən başqa cür görünən Eskişehir imicindən gedir. Məsələ burasındadır ki, hocamız Yılmaz Büyükerşen indiyə qədər Eskişehiri uğurla təbliğ edib, reklam edib. Bəli, o, bunu edib, lakin bir çox məqamlarda aradan qaldırılmalı olan çatışmazlıqlar və problemlər həll edilməmiş qalıb.

Eskişehirdə illərdir adət halını almış səsvermə tendensiyası var idi

-Dediniz ki, xaricdən bir, daxildən başqa cür görünən Eskişehir imici var. Bunu bir qədər geniş şəkildə izah edə bilərsinizmi?

-Buna görə də deyirəm ki, kənardan gələnlər üçün Eskişehir çox gözəl şəhərdir. Amma gəlin bir də bu barədə bu şəhərdə yaşayanlardan soruşaq. Yerlərdə sadə insanlarla görüşlərimiz zamanı həmsöhbət olduğumuz hər bir vətəndaş biz nəsə soruşmadan problemləri bir-bir sadalamağa başlayır. Onu da deyim ki, Eskişehirdə illərdir adət halını almış səsvermə tendensiyası var idi. Bu dəfə isə hocamız namizəd olmayıb. Ona görə də bütün namizədlərin şansları bərabərdir.

Bütün kəsimlərin fikri öyrənilir
Bütün kəsimlərin fikri öyrənilir

Yəni indi iddialıyıq. Uzun illər adət halını alan və Yılmaz hocaya verilən səsləri bu dəfə mənim alacağımı açıq şəkildə deyə bilərəm. Düşünürəm ki, mən öz həyat təcrübəm, biznes biliklərim, çalışqanlığım, gəncliyim və digər namizədlərdən fərqli olaraq hazırladığımız “26 SÖZ” adlı seçki platforması ilə onlardan fərqlənirəm. Təbii ki, 20 ildir ölkəni idarə edənlər və 25 ildir Eskişehiri idarə edənlər kimi qeyri-məhdud imkanlarımız yoxdur, amma meydana çıxanda görürük ki, həll təkliflərimizlə insanlara rahat bir nəfəs verəcəyik.

Ümid edirəm ki, bu mübarizədə qalib gələcəyik

-Eskişehir 25 ildir CHP-nin nəzarətindədir və bu dəfə yenə nəzarəti saxlamaq istəyirlər. Eyni zamanda “Cumhur İttifakı” bu şəhərdə qalib gəlmək əzmini nümayiş etdirir. Bu kontekstdə iki cəbhədə mübarizə aparmalı olacaqsınız. Onu da nəzərə alaq ki, “Cumhur İttifakı” namizədi yaxın vaxtlara qədər sizin partiyanın (İYİ Parti) üzvü olub. Bəs bu gərgin mübarizədə qalib gələcəyinizə nə dərəcədə əminsiniz?

-Biz partiya olaraq verdiyimiz qərardan son dərəcə məmnunuq. Sədrimizin dəfələrlə dediyi kimi, biz seçkilərə öz gücümüzlə girəcəyik. Bu o deməkdir ki, İYİ Partinin gücünü Türkiyənin hər yerində görəcəyik.

Xalqın dəstəyini almaq üçün qapı-qapı gəzib, hər bir seçici ilə görüş keçirilir
Xalqın dəstəyini almaq üçün qapı-qapı gəzib, hər bir seçici ilə görüş keçirilir

Sualınızın ikinci hissəsinə gəlincə, Eskişehirlilər onsuz da namizədlər haqqında lazım olanı deyirlər. Ümumi seçkilərdə partiyamıza səs verib-verməməsindən asılı olmayaraq hamı bəhs etdiyiniz namizədin addımının siyasi etika çərçivəsinə zidd olduğunu bilir. Bunu açıq deməliyəm ki, parlament seçkilərində Eskişehirdə səs verən doxsan min seçici kimi mən də haqqımı halal etmirəm. Ümumilkdə seçki günü alacağımız səslərlə sözümüzü deyəcəyik. Özümə və gördüyümüz işlərə tam əminəm, ümid edirəm ki, bu mübarizədə qalib gələcəyik.

Parlaq zəkaya malik gənc komandamız var

-Biz Sizin seçkiqabağı kampaniyanızı izləyirik. Eskişehirdə fəaliyyət göstərən digər türk xalqlarının lobbi təşkilatları ilə keçirilən görüşlərə diqqət yetirirsiniz. Eskişehir Azərbaycanlılar Dərnəyində məhsuldar görüş keçirdiniz. Bu cür görüş təklifi sizin ideyanızdır, yoxsa seçki proqramını hazırlayan komandanın?

-Eskişehir bir çox fərqli mədəniyyətə ev sahibliyi edən bir şəhərdir və bunların hamısı bizim üçün çox dəyərlidir. Bizim Eskişehir Azərbaycanlılar Dərnəyi ilə uzunmüddətli və çox dəyərli əlaqələrimiz var. Sonuncu səfərimiz zamanı onlar bizi çox mehriban şəraitdə qarşıladılar və mühüm məsələlərə toxunduğumuz məhsuldar görüş oldu. Komanda ilə bağlı suala gəlincə, deyə bilərəm ki, seçki prosesinin əvvəlindən bəri işləməkdən zövq aldığım parlaq zəkaya malik gənc komandamız var. Çoxlu görüşlər, tədbirlər təşkil edirlər və biz bu mübarizəni birgə, əl-ələ davam etdiririk.

Bayraq Meydanı layihəsində Azərbaycana aid guşənin də olmasını planlaşdırırıq

-Siz həm də Azərbaycan sevdalısı bir insan kimi tanınırsınız. Azərbaycana, xüsusən də işğaldan azad edilmiş Laçına sərmayə qoyursunuz. Bəs qalib gəlsəniz, Eskişehirdə Azərbaycanla bağlı proqramınız varmı?

-Biz Azərbaycanla bir millət – iki dövlətik. Mənim Azərbaycana sevgim və diqqətim kimsəyə sirr deyil. Şəhərimizə verdiyimiz 10-cu SÖZ olan Bayraq Meydanı layihəsində Azərbaycana aid bir guşənin də olmasını planlaşdırırıq.

Gənclərə bütün sahələrdə dəstək olmağa çalışacağıq

-Nəhayət son sual. Deyirlər ki, müasir dövrdə seçkilərin taleyini yaşlı deyil, gənc seçicilər müəyyənləşdirir. Bu kontekstdə Eskişehirdəki gənclərə nə vədləriniz var, onların səsini qazanmaq üçün hansı proqramınız var?

-Bizim nəzərimizdə bütün seçicilər eynidir, lakin gənclərin hər zaman xüsusi yeri var. İndi gənclər böyüklərlə anlaşa bilmirlər. Türkiyədəki iqtisadi və sosial mühitə görə böyüklərini məsul tuturlar. Biz onlar arasında körpü olmağa çalışırıq və bacarırıq.

Onun gənclərə SÖZü var
Onun gənclərə SÖZü var

“1-ci SÖZ”ümüzdə qeyd etdiyimiz kimi, Eskişehirdə gənclərin və tələbələrin mənzil və qidalanma problemlərini təcili həll edəcəyik. Bələdiyyə yataqxanalarının sayını artıracağıq. 6-cı maddəmizdə isə SÖZ vermişik ki, mədəniyyət, incəsənət və idman sahələrində gənclərə dəstək olmağa çalışacağıq.

Mission News Theme by Compete Themes.