Son yeniləmə: 1 May 2024 10:31
BAYRAQDAR MEDİA – Fevralın 28-də AMEA Rəyasət Heyətində “Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK): əlaqələndirmə imkanları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin açılışı olub, həmçinin tədbir çərçivəsində iki qurum arasında Əməkdaşlıq memorandumu imzalanıb.
Tədbir zamanı öncə AMEA prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrindən danışaraq Prezident İlham Əliyev və Türkiyə Prezidenti Recep Tayyib Erdoğanın birgə atdığı addımlar, gördükləri işlər haqda söhbət açıb.
Çıxışı zamanı akademik qeyd edib ki, iki qurumun – AMEA və TÜBİTAK-ın imkanlarını birləşdirmək yönündə atılan addımlar, görüləcək işlər iki qardaş ölkə üçün də faydalı olacaq. O, keçirilən tədbirin həm AMEA, həm də TÜBİTAK üçün yeni bir səhifə olduğunu vurğulayıb. İ.Həbibbəyli çıxışı zamanı bu əlaqələr sayəsində TÜBİTAK vasitəsi ilə kriptologiya elminin Azərbaycanda inkişaf etdiriləcəyindən söz açıb. İ.Həbibbəyli onu da deyib ki, hər iki qurum arasında qurulan bu əməkdaşlıq ilə ilk dəfə olaraq ortaq layihələr işlənib hazırlanacaq.
Ardınca TÜBİTAK başqanı, Prof. Hasan Mandal çıxış edərək rəhbəri olduğu qurumun fəaliyyəti haqqında danışıb, AMEA ilə əməkdaşlığın hər iki qurum üçün uğurlu olacağını, bu əməkdaşlığın artaraq davam edəcəyini qeyd edib. H.Mandal TÜBİTAK-ın bir çox yöndən, həmçinin sosial və bəşəri elmlər yönündən də AMEA-ya lazım olan yardımı göstərəcəyini deyib.
Daha sonra Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, Dos. Fariz İmranov rəhbərlik etdiyi şöbənin yarandığı zamandan bugünədək olan fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Tədbir zamanı İ.Həbibbəyli H.Mandalı “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru” diplomu ilə təltif edib.
Tədbirdə çıxış edənlər – AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Prof. Misir Mərdanov, Əməkdar elm xadimi, Prof. Qurban Yetirmişli, Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, Dos. Fərhad Quliyev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, Prof. İlham Məmməzadə, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Azərbaycan Türkiyə əlaqələrindən danışıb, mövzu ətrafında fikirlərini bölüşüblər.