BAYRAQDAR MEDİA – Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini davam etdirir. Qurumun sonuncu iclasında italiyalı Fabio Kastaldo və almaniyalı Viola Kramon öz çıxışlarında 30 il Azərbaycan torpağını işğal altında saxlayan və həmin əraziləri tamamilə dağıdıb xarabalığa çevirən Ermənistana dəstək olmaqla yanaşı ölkəmizə qarşı təhdidlərə də cəhd göstəriblər. Öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycanın anti-terror əməliyyatlarını “hərbi təcavüz” kimi qələmə vermək nəinki ədalətsiz və qərəzli mövqedir, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir.
Bu sözlər millət vəkili Vüqar Bayramovun BAYRAQDAR MEDİA-ya verdiyi açıqlamadandır.
Vüqar Bayramov daha sonra qeyd edib ki, “Azərbaycan öz suveren hüquqları çərçivəsində ərazi bütövlüyünü bərpa edib. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisi bir daha təsdiq etdi ki, qalib xalq Müzəffər Ali Baş Komandanının siyasətini tam dəstəkləyir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülh və təhlükəsizliyin güclənməsinə xidmət edir”.
Deputat həm də belə deyib: “Unutmayaq ki, Azərbaycan dövləti istənilən xarici təhdid və revanşist meyllərə cavab vermək gücündədir. Bu güc, sadəcə siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür. Azərbaycan xalqı hər zaman dövlətinin yanındadır və olacaq. İrəvan daxil olmaqla bəzi paytaxtlarda səsləndirilən qərəzli bəyanatlardan “həvəslənib” bu birliyimizi pozmaq istəyən marjinal qrupların cəhdləri də həvəsdən başqa heç nə olmayacaq. Güclü Azərbaycan dövlətinin arxasında məğrur Azərbaycan xalqı var. Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək olmaz”.