BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında kitablar sırasında filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovanın “Qarabağ ədəbi-mədəni mühiti (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri)” monoqrafiyası da var.
Nəşr AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurasının 17 yanvar 2020-ci il tarixli, 1 nömrəli iclasının qərarı ilə nəşr edilib.
Kitaba filologiya elmləri doktoru, Prof. Yaqub Babayevin yazdığı ön sözdə deyilir: “Səbinə Əhmədovanın monoqrafiyası şimallı-cənublu bütöv və böyük Azərbaycanın konkret bir regionun konkret bir tarixi mərhələdəki ədəbi-mədəni mühitinin tədqiqinə həsr olunub. Bəllidir ki, kiçikli-böyüklü çeşmələr axıb nəhrləri, nəhrlər də axıb ümmanları əmələ gətirir. Biz Azərbaycanımızın ədəbi-mədəni inkişafının tarix boyunca keçdiyi yolu, mənzərəni canlandırmaqdan, təsəvvür etməkdən ötrü onu əvvəlcə ayrı-ayrı tarixi mərhələlər və ayrı-ayrı regionlar üzrə öyrənməliyik. Çünki onu birdən-birə bütöv şəkildə öyrənmək nə bir-iki nəfərin işidir, nə də mümkün olan məsələdir. Deməli, bütöv, əhatəli, miqyaslı bir iş görməkdən ötrü həm regional, həm də tarixi dövrlər üzrə tədqiqatlar zəruri və ilkin şərtdir.
Biz filologiya üzrə fəlsəfə doktoru S.Əhmədovanın bu elmi əsərini gərəkli, dəyərli bir araşdırma kimi təqdir edirik. Onun hər bölməsindən, hər səhifəsindən böyük axtarış, ciddi zəhmət boylanır. Belə bir monoqrafiyanın ərsəyə gəlməsi bizim başqa regionlarımızın ədəbi-mədəni mühitlərini öyrənmək üçün bir stimul verir. İnanırıq ki, elmi ictimaiyyət S.Əhmədovanın elmi əsərini rəğbətlə qarşılayacaq”.
Qeyd edək ki, kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, rəyçiləri filologiya üzrə elmlər doktoru, Prof. Raqub Kərimov, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, Dos. Əzizağa Nəcəfzadədir.