BAYRAQDAR MEDİA – 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarında həyatı yenidən canlandırmağa imkan yaradıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur tikinti meydanına çevrilib, burada bütün sahələrdə geniş quruculuq işləri aparılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir”.
Sonra xəbərdə bildirilir ki, “ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq. Məktəbin həyətində tikilən idman meydançası sağlam nəslin yetişməsi üçün vacib amillərdən biri olacaq. Ata-baba yurdlarına geri dönən kəlbəcərli şagirdlər ən yeni tələblərə cavab verən, hər cür inventarla təchiz olunmuş təhsil ocağında bilik və bacarıqlara yiyələnəcəklər”.
Təhsil ocağının yaradılması Kəlbəcərin yenidən qurulmasına, burada elmin inkişafına və təhsilin yenidən dirçəldilməsinə mühüm töhfə verəcək, həmçinin yeni iş yerlərinin açılmasına səbəb olacaq.