Son yeniləmə: 28 Fevral 2024 14:11
Martın 5-də Birinci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı “Baku Water Week” Sərgisinə həsr olunmuş mətbuat konfransı keçiriləcək
BAYRAQDAR MEDİA – Bakı daha bir beynəlxalq tədbirə hazırlaşır. 12-14 mart tarixlərində Birinci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı “Baku Water Week” Sərgisi keçiriləcək.
Martın 5-də isə bu tədbirlə bağlı media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 28-də təşkilatçlardan məlumat verilib.
Qeyd edək ki, sərgiyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən dəstək göstərilir.
Məlumata əsasən, Azərbaycanda ilk dəfədir ki, keçiriləcək bu yeni sərgi Bakı Ekspo Mərkəzində təşkil ediləcəkdir: “Bəşəriyyət bu gün ciddi ekoloji problemlərlə üzləşir. Əsas problemlərdən biri isə bütün dünyanı təhdid edən şirin su ehtiyatlarının tükənməsidir. Azərbaycan da bu cəhətdən istisna deyil. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bununla əlaqədar Bakı Su Həftəsi həm ölkəmiz, həm də bütün region üçün çox böyük əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində Azərbaycanda bu sahənin gələcək inkişafı, mövcud çağırışlar və onların həlli yolları, maraqlı tərəflər üçün yeni imkanlar müzakirə olunacaq”.
Sərginin sponsorları “Agro Food Investments”, “ACWA Power”, “Coca-Cola”, “GEO-SU GROUP”, “HİDROLOQ”, “IDE Technologies”, “KOLIN İnşaat”, “Körpü Bina Tikinti” (KBT) və “Özgün İnşaat” şirkətləridir.