Son yeniləmə: 27 Fevral 2024 14:14
Dr. Yücel Karauz: Türk Dövlətləri Təşkilatı daxilində sülhməramlı qüvvələrin formalaşması da vacibdir
BAYRAQDAR MEDİA – “Şuşa Bəyannaməsi ilə Türkiyə ilə Azərbyacan arasında inkişaf etdirilən strateji təhlükəsizlik anlayışı Türk Dövlətləri Təşkilatı (TDT) daxilində də tətbiq edilməlidir. Yəni oxşar proses TDT daxilindəki digər ölkələr arasında da həyata keçirilməlidir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
O, qeyd edib ki, hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi olduqca vacibdir: “Mən hətta deyərdim ki, bu TDT üçün həyati əhəmiyyət kəsb edir. Çünki bu gün TDT daxilində iqtisadi, siyasi, mədəni, sosial, bir sözlə bütün sahələrdə birgə addımlar atılır, yeni-yeni proqramlar hazırlanır. Bir sözlə, cənab Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışında bəyan etdiyi kimi, “bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. Buna əlavə olaraq qeyd etməyi vacib sayıram ki, bu birliyin təməli həm də onda güclü olacaq ki, onun hərbi təhlükəsizliyi möhkəm şəkildə təmin olunsun. Bunun üçün isə yuxarıda qeyd etdiyim kimi, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı timsalında əməkdaşlıqlar qurulmalı, sonra isə vahid müdafiə və təhlükəsizlik sistemi formalaşdırılmalıdır”.
Onun sözlərinə görə, TDT-yə üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıqların qurulması, həm də təcrübənin bölünməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu gün ordusunun gücünə görə Türkiyə dünyada 8-ci, Özbəkistan 65-ci, Qazaxıstan 58-ci, Azərbaycan 59-cu, Türkmənistan 83-cü, Qırğızıstan 100-cü sıradadır. Bu güclərin bir araya gəlməsi eyni zamanda həmin ölkələrin hərbi gücünə əlavə güc qatacaq, digər tərəfdən də vahid və güclü bir müdafiə sistemi formalaşmış olacaq”.
Türkiyəli general deyib ki, TDT daxilində sülhməramlı qüvvələrin formalaşması da vacibdir: “Əgər biz deyiriksək ki, TDT bizim ailəmizidir, o zaman ailəmiz daxilində gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz olayı da özümüz yoluna qoymayılıq. TDT türk dünyasını əhatə edirsə, bu coğrafiyada baş verən xoşagəlməzliklərə müdaxilə üçün də özümüz hazır olmalıyıq. Daha durub, quzeydən, güneydən, yaxud da batıdan hansısa sülhməramlı missiya dəvət etməməliyik. Hesab edirəm ki, yaxın gələcəkdə bu məsələ də gündəmə gələcək və müsbət formada həllini tapacaq”.