Son yeniləmə: 27 Fevral 2024 17:22
Bayram Əliyev: Həm pandemiya, həm də qlobal baxımdan iqtisadi gerilik turizm sektoruna da öz mənfi təsirini göstərib
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi fevralın 8-dən 11-dək Azərbaycanın və Səudiyyə Ərəbistanın media təmsilçilərinin qardaş Türkiyənin Bursa şəhərinə səfəri olub. Dörd gün davam edən səfərdə məqsəd Türkiyənin mədəniyyət və turizm imkanları, o cümlədən qış turizmi barədə məlumat əldə etmək və bunu Azərbaycan xalqına çatdırmaq idi.
Məlumat üçün bildirək ki, səfər Türkiyənin Kültür və Turizm Bakanlığının təşkilatçılığı və Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansının (TGA) dəstəyi ilə reallaşan səfərin məhz Bursaya edilməsi heç də təsadüfi deyildi. Məsələ burasındadır ki, Türkiyədə qış mövsümünün başlanması ilə qardaş ölkənin mərkəzi, quzey və doğu bölgələri turistlər üçün soyuq aylarda gözəl fürsətlər təklif edir. Qarlı dağlarda Türkiyənin qış turizmi imkanlarını təmsil edən xizək mərkəzləri də onlar arasındadır. Bu sadalananlar fonunda turistlər üçün qışda ideal məkanlardan biri də Bursanın güney-batısında yerləşən Uludağ Kayak Mərkəzidir.
Onu da qeyd edək ki, biz Uludağda olanda bir həmyerlimizlə də rastlaşdıq. Düzdür, düşünə bilərsiniz ki, indi Bursada, ümumiyyətlə Türkiyədə azərbaycanlı ilə rastlaşmaq təəccüblü hal deyil. Lakin bu həmyerlimiz öz fəaliyyəti ilə diqqətimizi cəlb etdi.
Qısa söhbət zamanı bəlli oldu ki, əslən Şəmkir rayinundan olan Bayram Əliyev 17 ildir Türkiyədə çalışır: “Hər il mövsümü olaraq yayda Antalyada, qışda isə Bursada işləyirəm. Əslən Şəmkir rayonundanam”.
B.Əliyev dedi ki, azərbaycanlılar dincəlmək üçün Türkiyəyə çox gəlirlər: “Həmyerlilərimiz adəti üzrə yayda Antalyaya, qışda isə Bursaya üz tuturlar. Düzdür, pandemiyadan əvvəl bura gələn daha çox olurdu. Amma həm pandemiya, həm də qlobal baxımdan iqtisadi gerilik turizm sektoruna da öz mənfi təsirini göstərib. Ümumiyyətlə pandemiyadan sonra çox şey dəyişdi. Bununla belə Türkiyə turizmi artıq yenidən öz əvvəlki şöhrətini özünə qaytarır”.