Gülxar RƏHİMLİ – AJB üzvü, “Xaçmaz” qəzetinin müxbiri. Xüsusi olaraq BAYRAQDAR MEDİA üçün
BAYRAQDAR MEDİA – “Şəhid” sözü bütün zamanlarda müqəddəslik simvolu olmuşdur. Şəhidlər torpağa tökülən qan, torpaqdan cücərən sevgidir.
90-cı illərdən başlayaraq erməni adlı bəla ilə mübarizə aparan Azərbaycan xalqı bir yumruq altında birləşərək birinci və ikinci Qarabağ savaşında, 19-20 sentyabr (2023) anti-terror əməliyyatları zamanı düşmənə tutarlı zərbə vuraraq, ərazi bütövlüyünə nail ola bildi.
Mətbuatda çalışdığım müddətdə Qarabağ savaşı, şəhid və qazilər haqqında çox sayda müsahibə, məqalə qələmə almışam ki, biri digərinə bənzəməz. Hər taleyin bir yazısı, bir naxışı varmış.
Rayon tədbirlərinin birində şair Məmməd Qədir belə bir fikir söylədi: “44 günlük müharibədən sonra Xaçmaz şəhidlərinə həsr olunmuş “Haqqınızı halal edin” kitabını yazarkən xaçmazlı şəhidlərin ailələri, dost-tanışları ilə görüşdüm. Hamı şəhid olan oğullar haqqında xoş sözlər söylədilər”. Məmməd Qədirin bu fikrindən belə qərara gəlmək olur ki, şəhid olanların hər biri seçilmişlərdir. Yəni bu yüksək məqam, bu zirvə hər kəsə nəsib olmur. Elə Rüstəmov Vüsal Rüstəm oğlu kimi.
Vüsal Rüstəm oğlu 1964-cü il may ayının 11-də Xaçmazda anadan olmuşdur. O, 1990-cı ildə Xaçmazdakı İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2001-ci ildə həmin məktəbi bitirmişdir. 2002-ci ildə H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-ci ildə oranı motoatıcı ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdə ona leytenant rütbəsi verilmiş və Müdafiə Nazirliyinin 0312 nömrəli əmrinə əsasən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə dinləyici təyin olunmuşdur.
Vüsal 2007-ci ilin avqust ayında xidmətini davam etdirmək üçün N saylı hərbi hissədə 4-cü taborun 11-ci bölüyündə tağım komandiri vəzifəsində xidmət etmiş, 2010-cu il noyabr ayının 11-dən N saylı hərbi hissədə qərargah bölüyünün taktiki komanda məntəqəsinin rəisi vəzifəsində xidmət etmişdir. 2010-cu il iyun ayının 12-dən N saylı hərbi hissənin 1-ci dağıdıcı taborunun 2-ci bölüyünün komandiri, 2013-cu il fevral ayının 13-də N saylı hərbi hissənin 5-ci taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsinə, 2014-cü ilin yanvar ayında N saylı hərbi hissənin 5-ci tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunmuşdur.
İgid hərbçi sonralar hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışmışdır. O, 2022-ci il martın 14-dən N saylı hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunmuş, 15 sentyabr 2023-cü ildə hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə layiq görülmüşdü. 2016-cı ildə aprel döyüşlərinin iştirakçısı, 2020-ci ildə Vətən müharibəsi iştirakçısı, 2022-ci ildə Laçın döyüşləri iştirakçısı olub, göstərdiyi şücaətə görə bir çox medal və ordenlərlə təltif olunmuşdur.
2023-cu il sentyabr ayının 19-da başlanan lokal antiterror əməliyyatında düşmənin qəfil törətdiyi partlayış nəticəsində şəhid olmuşdur.
Medal və ordenləri
Azərbaycan ordusunun yaranmasının 100 illiyi medalı
Azərbaycan ordusunun yaranmasının 95 illiyi medalı
Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal
Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal
Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal
Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal
Hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli medal
Şücaətə görə medalı,
Füzulinin azad olunmasına görə medalı
Cəbrayılın azad olunmasına görə medalı,
Xocavəndin azad olunmasına görə medalı
Vətən müharibəsi iştirakçısı ordeni.
Vüsal Rüstəm oğluna 2006-cı il tarixdə leytenant, 30 iyun 2009-cu ildə baş leytenant, 30 iyun 2013 -cü ildə kapitan, 30 iyun 2017-ci ildə mayor və 16 mart 2023-cü ildə polkovnik-leytenant hərbi rütbəsi verilmişdir.
Evli idi, 2 övladı var.
Xaçmaz rayonu, Qobuqırağı kənd qəbiristanlığında dəfn olunub.
Vüsal ömrünün 20 ilini hərbə həsr edən, Vətən eşqi ilə yaşayan qəhrəman, kursantlıqdan polkovnik-leytenant rütbəsinə qədər yüksələn peşəkar hərbçi, xaçmazlıdır.
Bizi onunla ömür-gün yoldaşı Lalə Rüstəmova tanış edəcək. O Lalə ki, həyatının 11 ilini Vüsalla bölgə-bölgə dolaşıb.
-Lalə xanım, Vüsal ilə necə tanış olmusunuz?
-Vüsal ilə tanışlığımız bir qohum vasitəsi ilə olmuşdu. 2012-ci ildə tanış olduq. Bir ay sonra nişanlandıq, 2013-cü ildə ailə qurduq. O vaxt Vüsal Qazaxda hərbi hissələrin birində xidmət edirdi. Mən 5 ay Xaçmazda qaldım. Sonra məni də özü ilə Qazax rayonuna apardı. 4 il Qazaxda yaşadıq. Daha sonra Goranboy rayonunda, son 6 ili isə Qusar hərbi hissəsində işləyib. Polkovnik-leytenant, qərargah rəisi idi.
-Vüsalın evi səngər idi…
-Bəli. Vüsal 20 il Vətənə qüsursuz xidmət edib. O, aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, 1-ci antiterror əməliyyatlarında iştirak edib. 2-ci antiterror əməliyyatı onun son döyüşü oldu.
-44 günlük Vətən müharibəsində 3 minədək şəhid verdik. Vüsal da o döyüşlərdə iştirak edib.
-Allah şəhidlərimizə rəhmət etsin! Vüsal 44 günlük Vətən müharibəsi haqqında elə danışırdı ki, sanki biz qorxu filminə baxırdıq. Onu üç dəfə snayperlə vurmaq istəyiblər, alınmayıb. Maşını yanıb, o sağ qalıb. Deyirdi ki, Allah sevdiyi qullarına şəhidlik verir. Mənə vermədi. Mən də təsəlli verir, “səni övladlarına bağışlayıb” deyirdim.
-Vüsalın arzusu ürəyində qalmadı…
-Deyirlər ki, ölüm əvvəlcədən hiss olunur. Vüsalda da elə oldu. O, yay boyu evə sığmadı, işdən gələn kimi “götür uşaqları, gedək gəzək” deyirdi. Hey göyün üzünə baxırdı, xəyalı uzaqlara gedirdi.
-Hərbidən tərxis olunmağına çox qalmışdı?
-Vüsal 20 illik hərbi xidmətin 14 ilini düşmənlə üz-üzə keçirib. Avqust ayında mən ona dedim ki, ərizə yazıb bəlkə işdən ayrılasan? O, “gələn il” dedi.
-Vüsal ön cəbhəyə nə zaman yollandı?
-Sentyabrın 5-də mən onu yola saldım. 19-da əməliyyatlar başladı. Getdiyi gündən imkan düşdükcə zəng edir, uşaqları soruşur, “hər şey yaxşı olacaq” deyirdi. Axırıncı dəfə onunla sentyabrın 19-da günorta danışdım. Soruşdum ki, “nə xəbər var”? Vüsalda bir xasiyyət vardı. Ön cəbhədə olanda heç nə danışmazdı. Bircə onu dedi ki, “Lalə, gəlməsəm, bağışla. Uşaqlardan muğayat ol!” Məndən sonra anası ilə danışıb. Ondan halallıq alıb.
-O “xəbəri” nə vaxt aldınız?
-Saat 3-də qardaşı zəng vurub, Vüsalla nə vaxt danışdığımı soruşdu. Daha sonra qaynanam zəng vurdu. O, Qusarda uşaqların yanında qalırdı, mən isə səhhətimlə əlaqədar Bakıya gəlmişdim. Bizim hərbi şəhərcikdə belə bir adət vardı. Şəhid xəbəri gələn kimi həmin əsgərin yaşadığı binaya tərəf baxırlar. Qaynanam da zəng etdi, dedi ki, “eyvana çıxmışdım, aşağıdan bizim pəncərəyə baxırlar. Məni görən kimi dağılışdılar”. Bu sözdən narahat oldum. Tanışlara zəng etdim. Mənə heç kim heç nə demədi. Artıq onlar Vüsalın şəhid olduğunu bilirdilər. Atam dedi ki, “hazırlaş, Xaçmaza gedirik. Vüsal minaya düşüb, gətirirlər”. Gəldik Xaçmaza. Gördük, xeyli adam yığışıb həyətə, küçəyə. Üç gündən sonra nəşini gətirdilər, Qobuqırağı qəbiristanlığında dəfn etdilər. O üç gündə mən onun ölümünə inana bilmirdim. Qəbul edə bilmirdim. Vüsal mehriban həyat yoldaşı, qayğıkeş ata, böyüklə böyük, kiçiklə kiçik idi. Onun şəhid olması mənim bütün arzularıma son qoydu. Səmanı və Şahini çox istəyirdi.
Dekabrın 21-də Xankəndi şəhərində keçirilən futbol oyununu şəhid övladları da izləyirdi
-Antiterror əməliyyatlarından sonra ilk dəfə idi ki, Xankəndidə böyük tədbir keçirilirdi. “Qarabağ” və MOİK arasında keçirilən futbol yarışmasına baxmağa şəhid xanımları və övladları da dəvət olunmuşdu. Əlbəttə, o torpaqlara ayaq basmaq bizim üçün çox çətin idi. Heç kim göz yaşlarına hakim ola bilmirdi. Çünki həyat yoldaşlarımız həmin torpaqların azadlığı uğrunda şəhid olmuşdular. Yolda bizə dedilər ki, Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da oyunu izləyəcək. Cənab Prezident hamı ilə çox səmimi şəkildə görüşdü, bizi dinlədi, uşaqlarla şəkil çəkdirdi. Ali Baş Komandan tərəfindən qayğı ilə əhatələnmə bizim yaralı qəlbimizə bir məlhəm oldu.
Lalə xanım, sizinlə həmsöhbət olmaq, şəhid Vüsal Rüstəmovu sizinlə tanımaq maraqlı oldu. Bir şəhidin həyatını elə məhz sizin kimi tanıtmaq lazımdır.
Sözardı: Lalə xanım, siz başınızı dik tutun! Vüsal şərəfli bir ömür yaşayıb. Sizə əmanət etdiyi iki gül balasını Vətənə, dövlətə yararlı şəxs kimi yetişdirin. Əsas odur ki, şəhidlər ölmür, qəlblərdə əbədi yaşayır.