Son yeniləmə: 27 Fevral 2024 16:12
BAYRAQDAR MEDİA – Fevralın 27-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan qardaş Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən (MN) daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdən əvvəl türkiyəli qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər. MN-də keçirilən görüşdə Türkiyə nümayəndə heyətini salamlayan Z.Həsənov onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. İki qardaş ölkə arasında ikitərəfli əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən müdafiə naziri hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb. O, Azərbaycan-Ermənistan şərti sərhədindəki əməliyyat şəraiti, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb”.
Daha sonra xəbərdə deyilir ki, “özünün də Azərbaycanın bir övladı olduğunu qeyd edən Ş.Alpay göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin salamlarını çatdırıb, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan, uğurla inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırki vəziyyətindən məmnunluğunu ifadə edib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının da iştirak etdiyi görüşdə regional hərbi əməkdaşlıq sahəsində inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub”.
Həmçinin xəbərdə, “Müdafiə naziri Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilən Ş.Alpaya “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycanın yubiley medalını təqdim edib. Sonra Ş.Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb” deyə qeyd edilir.
Keçirilən görüşlərdə Türkiyədə istehsal olunan müxtəlif növ uçuş vasitələrinin modelləri təqdim olunub, qarşılıqlı hədiyyə mübadiləsi aparılıb.