BAYRAQDAR MEDİA – Kitabxana-informasiya sahəsində biliklərin təkmilləşdirilməsi, virtual məkana inteqrasiya, kitabxanaçıların peşəkar fəaliyyətinin daha da artırılması məqsədi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün beşgünlük təlimlərə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “təlimlərə AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin, Şəki və Lənkəran Regional Elm Mərkəzlərinin, AMEA nəzdində fəaliyyət göstərən bir sıra elmi-tədqiqat institutlarının, həmçinin Milli Azərbaycan Tarixi Muzeyi, Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunun kitabxanaçıları qatılıblar”.
MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri, təlimçi Səyyarə Məmmədovanın verdiyi məlumata əsasən, treninqdə kitabxana sahəsinə dair vacib mövzular tədris olunacaq: “Tədris prosesi sənəd-informasiya fondlarının formalaşması, mühafizəsi, materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsi, kitabxanaların qarşısında duran yeni vəzifələr, saxlanılan informasiya vasitələrinin mübadiləsi kimi mövzuları əhatə edəcək”.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.