Nəsibə NƏSİBQIZI – Dövlət Arxivi Şirvan filialının direktoru
BAYRAQDAR MEDİA – Bu il Xocalının başında gözləyən buludlar tərəddüd edir. Qar ayaq saxlayıb, yağmaq istəmir. 32 il idi ki, Xocalıdan yuyub təmizləməyə çalışdığı qan ləkəsinin üstünü indi Zəfərin ayaq izləri örtüb. İllərdən bəri ilk dəfədir ki, Xocalımın üzü gülür.
2020-ci ilin 44 günlük müharibəsi göstərdi ki, biz ləyaqətli müharibə aparırıq. Qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Yaralı şəhər separatçılardan təmizləndi (19-20 sentyabr 2023-cü il).
İndi Xocalının başı üstündə Dəmir Yumruğun sancdığı (15 oktyabr 2023) üçrəngli qutsal bayrağımız dalğalandıqca bütün dünyaya ƏDALƏT işığı səpələyir.
İllərdir 26 fevralda qan gölündə ağlaşan uşaqların səsi qulaqlarımızı çinlədirdi. Bu gün vicdanımız rahatdır. Zəfərin gülüş səsləri ilə çığlıq atan körpə ruhlar şaddır.
İndi döşü kəsilən , qarnına süngü soxulan anaların ağrısı toxdayıb, baş dərisi soyulan, odda yanan körpələrin (xatırladıqca insan qanını dondurur) yaraları qaysaqlayıb.
Dünya boyda reallığı danmaq, üzrünü yumaq olmaz. Halbuki bu günə qədər mənfur, insan qəlbi daşımayan cəlladlar, həm də onların adından ölkə rəhbərlikləri xalqımızdan, dövlətimizdən üzr istəmədi.
Bu faciə ilə yaşanmazdı, bizi 30 il yaşadan intiqam və inam hissi oldu
Prezident İlham Əliyev: Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.
Həmin gün (26 fevral 1992-ci il) yaşanan vəhşətin dünyada bənzəri yox idi. Bu, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri idi. Xocalı mədəniyyəti bizim eradan əvvəl V-III minilliklərdə Azərbaycanda formalaşan Kür –Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Mühüm arxeoloji abidələri ilə Azərbaycanın qədim tarixini özündə əks etdirir Xocalı. Ermənilərin burada həyata keçirtdiyi soyqırımının bir məqsədi də azərbaycanlılara məxsus mədəniyyəti yer üzündən silmək idi.
Xocalı işğal olunduqdan dərhal sonra onun ətrafında olan dünyanın ən qədim məzarlıqlarından biri – Xocalı qəbiristanlığı xüsusi texnika ilə dağıdılmışdı. Yerlə yeksan edilmiş şəhərin tarixçəsi, qanına qəltan edilmiş körpələrin dərdi təkcə bizim yox, bütün dünyanın dərdidir.
Xocalı vəhşətinin 16 dövlət tərəfindən soyqırımı kimi tanınmasına dair qətnamənin qəbulu buna əyani sübutdur. Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya, Sudan, Honduras, Bosniya və Herseqovina, Sloveniya, Peru, İordaniya, Cibuti, Şotlandiya, Panama, Qvatemala, Latviya, həmçinin ABŞ-nin 24 ştatı Xocalı soyqırımını tanıyıb.
Bu gün dünyada öz sözümüzü deyə bilirik. Ermənisevər qüvvələr bizə heç nəyi diqtə edə bilmir. Öz sözümüz, öz imzamız var. Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Şanlı Ordu daim tətikdədir, Dəmir Yumruq Düşmənin başı üstündədir!
Xalqıma qarşı çaşanın başı yerindəcə əziləcəkdir!
Erməni soylu fransız çirkinləri bu gün xəyalpərəstlik nümayiş etdirsələr belə, zamanında özləri də etiraf edərək yazırdılar: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında baş dərisi götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”. (Le Mond qəzeti, Paris, 14 mart 1992-ci il)
1992-ci ilin dünya mətbuatı dəhşətli faktların etirafları ilə ağlayırdı. Biz nələri atlatdıq, İlahi!
Bu gün birliyin, qüdrətin rəmzinə çevrilmiş Dəmir Yumruq bizə daha gözəl – faciəsiz, ağrısız, acısız gələcək vəd edir. Təkcə bizəmi? Azərbaycanın bugünkü uğurları Orta Asiyadakı qardaşlarımızı qürurlandırıb, daha da ürəkləndirib. Türk qurumlarının gələcəyə ümidi, inamı artıb. Bu gün o ümid, o inam və o gələcək Xocalının başı üstündə dalğalanan bayrağımızdan ilham alır. Bu gün Xocalının yanan ürəyinə su səpən Dəmir Yumruğun mərhəmətli ovucu, sakinlərinə həsrət qalan torpaqlarında Zəfərin ayaq izləri var.