BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-dən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə Aİİ-nin müəllim və tələbə heyəti, o cümlədən əməkdaşları iştirak ediblər. Ali təhsil müəssisəsinin rektoru, Dos. Aqil Şirinov bu qətliamın dünyada görünməmiş ən dəhşətli soyqırımı olduğunu, 32 il bundan öncə məhz bu günlərdə Xocalı sakinlərinin xüsusi amansızlıqla qətl edildiklərini diqqətə çatdırıb. O qeyd edib ki, Xocalıda baş vermiş qətliam bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib, Xocalı faciəsini törədənlər türk düşmənçiliyi ilə böyüdülən ermənilərdir. A.Şirinov nəzərə çatdırıb ki, Xocalı şəhidlərinin ruhu şaddır, artıq tam olaraq Azərbaycan suverenliyini bərpa edib. İnstitut rəhbəri Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, qüdrətli və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqların düşmən tapdağından azad edildiyindən danışıb”.
Sonra xəbərdə, “İnstitutun İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, Dos. Rəşad Mustafa “Xocalı soyqırımı – “Böyük Ermənistan” irqçiliyinin təzahürü kimi” mövzusunda çıxış edib. R.Mustafa Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsinin tarixi faktlarını xatırladıb. Məruzəçi bildirib ki, Xocalı qətliamı Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi şəkillərdə, həmçinin xarici fotoqrafların lentə aldıqları rəsmlərdə də əksini tapıb, bütün dünyaya nümayiş olunub. O eləcə də deyib ki, buna baxmayaraq, Xocalı soyqırımını hələ də tanımayan, ikili standartlarla yanaşan ölkələr var” deyə qeyd edilir.
Həmçinin R.Mustafa vurğulayıb ki, Azərbaycanın 48 şəhər və rayonunda köç salan xocalılılar 500-600-dən çox kənd, sanatoriya, düşərgə və xüsusi evlərdə məskunlaşmışlar, onlar yaxın zamanlarda Xocalıya qayıdacaqlar.