Son yeniləmə: 26 Fevral 2024 12:07
BAYRAQDAR MEDIA – “Bu il XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli və bəşəri cinayətlərdən biri olan Xocalı soyqırımının 32-ci ildönümüdür. 32 il öncə erməni silahlı birləşmələri Xocalıda Azərbaycan xalqına qarşı misilsiz və dəhşətli bir cinayət törətdilər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, bu soyqırımını törətməklə, əslində, mənfur qonşularımız hansı xislətə malik olduqlarını bir daha bütün dünyaya nümayiş etdirmiş oldular: “Mən həmin soyqırımı zamanı itkin düşən, əsir götürülən, yaralanan və şəhid olanlarla bağlı statistikaya toxunmaq istəmirəm. Sadəcə onu qeyd edim ki, bu dəfə biz Xocalı soyqırımı qurbanlarının xatirəsini bir başqa əhval-ruhiyyədə anırıq. Çünki artıq Xocalı işğaldan azaddır. Bu gün biz Xocalı soyqırımı qurbanlarının xatirəsini azad Qarabağda, azad Xocalıda anır, həm də mənfur düşmənin necə bir vəhşilik törətdiyini bir daha bütün dünyaya bəyan edirik”.
Deputat bildirib ki, bu gün bütün ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanır: “Təbii ki, bu da Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan ordusunun rəşadəti sayəsində mümkün olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsi, həmçinin 2023-cü ilin sentyabrında bir günlük lokal xarakterli antiterror tədbirləri sayəsində artıq bütün ərazilərimizdə dövlət suverenliyimiz bərpa edilib. Bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır. Hazırda Xocalı şəhərində bərpa işləri həyata keçirilir, bu il sakinlərin doğma şəhərə qayıdışı başlayacaq”.
V.İskəndərov onu da əlavə edib ki, Azərbaycan gəncliyi, gələcək nəsilllər Xocalı soyqırımı və ermənilərin xalqımıza qarşı törətdikləri digər cinayətləri unutmamalıdırlar.