Press "Enter" to skip to content

Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa

Tədbir zamanı

Son yeniləmə: 26 Fevral 2024 14:01

Firdovsiyyə Əhmədova: Əli bəy Hüseynzadə deyəndə birmənalı olaraq turançılıq, türkçülük ideyaları ağlımıza gəlir

BAYRAQDAR MEDİA – Azərbaycanın görkəmli fikir adamı, milli ideologiyanın formalaşmasında özünəxas rolu olan, Azərbaycanın üçrəngli bayrağının ideya müəllifi Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” jurnalı və Sosial Tədqiqatlar Mərkəzi birgə təşkil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya təşkilatçılardan məlumat verilib.

Bildirilib ki, “tədbiri açılış sözü ilə açan MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov gələn qonaqları salamlayıb və tədbirin önəmindən danışıb. Sonra çıxış edən “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus Əli bəy Hüseynzadənin həyatı və ideoloji fikirləri barədə məlumat verib, onun böyük ideoloqun Azərbaycan tarixi üçün gördüyü önəmli işləri vurğulayıb”.

Məlumata görə, daha sonra söz Əli bəy Hüseynzadə barədə araşdırmalar aparmış məruzəçilərə verilib: “Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan Əli bəyin Azərbaycan məfkurə tarixində oynadığı roldan, onun həyatı boyu qarşılaşdığı çətinliklərdən söz açıb, “Əli bəy Hüseynzadənin mühacirət dövrü yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. “Qafqazda və Türkiyədə Ə.Hüseynzadənin siyasi fəaliyyəti” başlıqlı məruzə ilə söz alan tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova görkəmli ədibin aldığı müəkəmməl təhsil barədə məlumat verib, onun tələbəlik illərinə toxunub. Qeyd edilib ki, “İttihad və Tərəqqi” fikrinin formalaşmasında Əli bəy Hüseynzadənin rolu böyük idi. Əli bəy Hüseynzadə deyəndə birmənalı olaraq turançılıq, türkçülük ideyaları ağlımıza gəlir. Ancaq o həm də “Siyasəti-fürusət” əsərində Cənubi Qafqaz, Şimali və Cənubi Azərbaycan məsələlərini də ortaya qoyduğunu görürük”.

Məlumatda deyilir ki, tədbirdə, həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım “Əli bəy Hüseynzadənin Azərbaycandakı teatr və sənət fəaliyyəti”, filologiya elmləri doktoru Qərənfil Dünyaminqızı “Əli bəy Hüseynzadə yaradıcılığında “Füyuzat” dərgisi və “Həyat” qəzetinin rolu”, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli “Əli bəy Hüseynzadənin Azərbaycanda qorunan irsi” başlıqlı məruzələrlə çıxış ediblər: “Daha sonra tədbirdə iştirak edən qonaqlar da Əli.Hüseynzadə barədə fikirlərini bölüşüb. Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosiologiya elmləri doktoru Əfqan Vəliyev, Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Əli bəy Hüseynzadə irsi barədə dəyərli məlumatları bölüşüblər. Bununla da dəyirmi masanın rəsmi hissəsinə yekun vurulub”.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan İstiqlal Muzeyində sərgilənən və Əli bəyə aid şəxsi əşyalardan ibarət fotoşəkillər sərgilənib. Qonaqlar bu fotoşəkillər vasitəsilə Ə.Hüseynzadə yaradıcılığı ilə yaxından və əyani formada tanış olublar.

Mission News Theme by Compete Themes.