Press "Enter" to skip to content

Ağdamlı xanım qardaş ölkədə bələdiyyə sədrliyinə namizəddir

Zülfiyyə Günəş

Son yeniləmə: 26 Fevral 2024 09:33

BAYRAQDAR MEDİA – Zülfiyyə Günəş adlı Azərbaycanlı xanım Məmləkət Partiyasından İstanbulun 240 min əhalisi olan Silivri bələdiyyəsinin sədrliyinə namizəddir.

Xəbəri BAYRAQDAR MEDİA-ya Zülfiyyə xanımın seçki qərargahından veriblər.

Bildirilir ki, Zülfiyyə Günəş 1973-cü ildə Ağdamın Gülablı kəndində anadan olub. 1991-ci ildə qardaş Türkiyəyə oxumağa göndərilən 50 tələbədən biri olaraq İstanbul Universitetində təhsil alıb, Tarix fakültəsini bitirib. 1992-ci ilin fevral ayında Azərbaycana gəlib. Həmin dövrdə Gülablı kəndi işğal edilib və onun ailəsi doğma yurdu tərk etməli olub. Kəlbəcərin işğalından sonra – 1993-cü il aprelin 6-da isə Bakıya gəlib. Ardından da qardaş Türkiyəyə gedib, 1995-ci ildən orada daimi qalıb.

Zülfiyyə xanım 2012-ci ildən Azərbaycan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Türkiyə təmsilçisidir: “Uzun illər müəllim olaraq fəaliyyət göstərdim. 50 universitetdə əsir düşmüş qadınlarla bağlı konfrans keçirdim. 2019-cu ildə İstanbulda erməni kilsəsinin qarşısında təkbaşına pankart qaldırdım. “Gözlərim yol çəkər, Qarabağ” kitabında sovet dövründəki və ondan sonrakı Qarabağı təsvir etmişəm. Ziya Şahin “Karabağda Savaşan Kadınlar” kitabında məndən bəhs edib. Günəş təxəllüsümü Azərbaycanın simvolu olaraq götürmüşəm”.

Zülfiyyə Günəş Silivrini nə üçün seçdiyinə də aydınlıq gətirib: “31 mart 2024-cü ildə Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində Məmləkət Partiyasından İstanbulun 240 min əhalisi olan Silivri bələdiyyəsi sədrliyinə namizədliyimi irəli sürdüm. Silivri bölgəsində 25 ildir yaşayıram. Müxtəlif məktəblərində dərs demişəm. Xalqı tanıyıram. Əgər seçilərəmsə, Ağdam ilə Silivrini qardaşlaşmış rayon olaraq görmək istəyirəm. Çünki Ağdamda da 240 min soydaşımız yerləşdiriləcək”.

Mission News Theme by Compete Themes.